Şuşa.Trend:
Müasir Azərbaycanın təcrübəsi buryat milli hərəkatı üçün xüsusi maraq doğurur.
Trend-in tədbirdə iştirak edən müxbiri xəbər verir ki, bunu Şuşada "Mədəni və Etnik müxtəliflik: tarixin dərsləri, müasir çağırışlar" mövzusunda keçirilən beynəlxalq konfrans çərçivəsində təşkil olunan "Müstəmləkəçiliyin müasir formaları: xalqlara faciə, köləlik və iztirab gətirən hərəkətlər” mövzusunda panel müzakirəsinə Polşadan videobağlantı ilə qoşulan "Buriyad Gürün" (“Buryat Hökuməti”) hərəkatının təsisçisi Zurtan Xaltarov bildirib.
“Müasir Azərbaycanın təcrübəsi buryat milli hərəkatı üçün xüsusi maraq doğurur. Azərbaycan tarixi yaddaşın qorunmasının, milli kimliyin gücləndirilməsinin və dövlətin səmərəli fəaliyyətinin təşkilinin bir-biri ilə əlaqəli proseslər olduğunu nümayiş etdirib. Azərbaycan mədəniyyətin, dilin və tarixi yaddaşın millətin strateji resursları kimi qəbul edildiyi davamlı dövlət inkişafı modeli yaradıb. Buryat xalqı üçün bu təcrübə göstərir ki, mədəni dirçəliş və institusional özünütəsdiq modernləşmə ilə ziddiyyət təşkil etmir, əksinə, onlar qlobal siyasi və iqtisadi dəyişikliklər fonunda milli kimliyin qorunmasını təmin edərək onun təməlinə çevrilə bilər”,-deyə o bildirib.
Onun sözlərinə görə, buryatlar Sibirin ən böyük yerli müstəmləkə xalqını təşkil edir.
"Biz Yeniseydən Amur çayına qədər uzanan torpaqlarda yaşayırıq. Əsasən mədəni və folklor fəaliyyətlərinə diqqət yetirən, tarixi yaddaş və kollektiv hüquqlarla bağlı vahid siyasi gündəm formalaşdıra bilməyən bəzi saxta milli buryat təşkilatlarından fərqli olaraq, müasir çərkəz hərəkatı daha yüksək beynəlxalq səfərbərlik səviyyəsi nümayiş etdirir. Son onilliklərdə çərkəz təşkilatları diasporlarını uğurla birləşdirib və çərkəz soyqırımının tanınması məsələsini milli kimliklərinin və siyasi proqramlarının mərkəzi elementinə çevirib”,-deyə o bildirib.
Qeyd edək ki, Şuşada "Mədəni və etnik müxtəliflik: tarixin dərsləri, müasir çağırışlar" mövzusunda beynəlxalq konfrans keçirilir.
Konfrans "Mədəni və Etnik Müxtəliflik Mərkəzi" İctimai Birliyi tərəfindən "İpək Yolu" Mədəni-Tarixi Araşdırmalar İctimai Birliyi ilə tərəfdaşlıq çərçivəsində təşkil olunub.
Konfransda Azərbaycan, ABŞ, Fransa, Litva, Polşa, Çexiya, Almaniya, İsrail, Türkiyə və Gürcüstandan nümayəndələr iştirak edirlər.
