Şuşada “Etnik və mədəni müxtəliflik bəşəriyyətin sərvəti kimi” adlı növbəti panel müzakirə keçirilib (FOTO)

Siyasət Materials 6 İyul 2026 13:47 (UTC +04:00)
Şuşada “Etnik və mədəni müxtəliflik bəşəriyyətin sərvəti kimi” adlı növbəti panel müzakirə keçirilib (FOTO)
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Şuşa. Trend:

Şuşada "Mədəni və etnik müxtəliflik: tarixin dərsləri, müasir çağırışlar" adlı beynəlxalq konfrans çərçivəsində “Etnik və mədəni müxtəliflik bəşəriyyətin sərvəti kimi” adlı panel müzakirə keçirilib.

Trend-in tədbirdəki müxbirinin xəbərinə görə, panelin moderatoru, Türkiyədən olan tədqiqatçı-jurnalist, analitik Nalan Yazgan Eriş bildirib ki, dialoq, problemlərin həlli yollarının bütün maraqlı tərəfli iştirakı ilə aparılması çox vacibdir. Bu baxımdan çərkəz xalqının üzləşdiyi faciə xüsusi diqqət tələb edir: “1763–1864-cü illərdə baş vermiş Rusiya–Çərkəz müharibəsi sıradan hərbi kampaniya deyildi. Bu, bütöv bir xalqın sistemli şəkildə məhv edilməsinə yönəlmiş siyasət idi. Rusiya işğalının ən məşhur simalarından biri olan general Qriqori Zass çərkəzlərin kəllə sümüklərini qənimət kimi toplaması ilə bədnam şöhrət qazanmışdı. Bu gün də Şimali Qafqazın bəzi bölgələrində general Zassın şərəfinə ucaldılmış abidələr mövcuddur və onun xatirəsinə həsr olunmuş rəsmi tədbirlər keçirilir. Soyqırımı qurbanlarının varisləri üçün belə ictimai tərənnüm barışığın deyil, tarixi zorakılığın davam etməsinin rəmzidir”. Nalan Yazgan Eriş qeyd edib ki, bu gün Rusiyada çərkəzlərlə bağlı dinc anım tədbirlərinə də şərait yaradılmır, 2025-ci ildə Nalçik şəhərində keçirilən səssiz anım yürüşünün iştirakçıları inzibati qaydada həbs edilmişdilər: “1864-cü il çərkəz soyqırımının hüquqi, siyasi və mədəni nəticələri bu gün də qurbanların nəsillərinin həyatına təsir göstərməkdə davam edir”.

Paneldə Türkiyənin Çukurova Universitetinin tədqiqatçısı, professor Cahit Aslan "Çərkəz milli kimliyi və kollektiv yaddaş" mövzusunda məruzə ilə çıxış edib. O, bildirib ki, hazırda dünyanın fərqli ölkələrində yaşayan milyonlarla çərkəz ailə xatirələri, mədəni rituallar və anım mərasimləri vasitəsilə kollektiv yaddaşlarını ayıq saxlamağa çalışırlar: “Çərkəz kimliyi tarix boyu fərqli anlamlarda işlədilib. Dar anlamda “adıgey”ləri ifadə etsə də, geniş anlamda Şimali Qafqazdan sürgün edilmiş bir çox yerli xalqları özündə ehtiva edən üst kimlik mənasındadır”. C.Aslan SSRİ dövründə Kremlin Şimali Qafqaz xalqlarına, o cümlədən qaraçaylara, balkarlara, çeçenlərə qarşı sürgünlərini də sadalayıb və bunların da kollektiv yaddaşda dərin izlər buraxdığını söyləyib: “Kollektiv yaddaş yalnız keçmişi xatırlama forması deyil, eyni zamanda gələcəyi inşaetmə iradəsidir. Kimlik ancaq yaddaş olduqda canlıdır, yaddaş isə mədəni irsin ötürülməsi yolu ilə diridir. Bu səbəbdən çərkəz milli kimliyi keçmişdən qidalanan, lakin gələcəyə yönələn dinamik bir proses kimi dəyərləndirilməlidir”.

Konfransa Almaniyadan videobağlantı ilə qoşulan “Azad Millətlər Liqası”nın İdarə Heyətinin üzvü Rustam Xuajev "Ayrı-seçkilik və ona qarşı mübarizə" mövzusunda çıxış edib. O, müasir Rusiyadakı vəziyyəti təsvir edib: “Dövlət insanlara necə düşünməli olduqlarını, nəyin doğru hesab edilməli olduğunu və özlərini kim kimi hiss etməli olduqlarını diktə etməyə çalışır. Məhz burada ayrı-seçkiliyin ən təhlükəli forması başlayır. Bu, artıq təkcə siyasi deyil, həm də mədəni, sosial və psixoloji xarakter daşıyan sistemli ayrı-seçkilikdir. Yerli xalqların real siyasi təmsilçiliyi zəifləyir, cəmiyyətin hakimiyyətə təsir mexanizmləri tədricən aradan qaldırılır və qərarların insanların iştirakı olmadan qəbul edildiyi mərkəzləşdirilmiş idarəetmə sistemi daha da gücləndirilir. Lakin institusional ayrı-seçkilik problemin yalnız bir tərəfidir. Bunun daha ağır və daha təhlükəli başqa bir tərəfi də var. Biz gənclərin kütləvi şəkildə saxlanılması, həbs edilməsi və onların ailələrinə təzyiq göstərilməsi halları ilə üzləşirik. İnsanların daxilən yaşatdığı dəyərləri heç bir fərman və ya inzibati qərarla dəyişdirmək olmaz. Ayrı-seçkilik sistem xarakteri aldıqda, inkişaf üçün heç bir imkan qalmır”.

ABŞ-dən Dünya Çərkəz Agentliyinin təmsilçisi Fatima Tlis videobağlantı ilə "Yeni dövrün çağırışlarına cavab" adlı məruzə ilə çıxış edib. O, bildirib ki, tarixi ədalətin təmin olunması ən mühüm çağırışdır: “Bir xalq azadlıq iradəsini və milli kimliyini qorunub saxlayırsa, onu tarix xəritəsindən silmək və ya süni inzibati sərhədlər daxilində assimilyasiya etmək cəhdləri uğursuzluğa məhkumdur. Çərkəzlərin tarixi vətəni ana dilinin öyrənilməsinin məhdudlaşdırıldığı, qayıtmaq hüququnun bloklandığı müstəmləkə zülmü ərazisi kimi qaldıqca, milli respublikaların konstitusiyalarının suveren məzmundan məhrum edilməsi davam etdikcə, çərkəz məsələsi də açıq bir problem və tektonik siyasi dəyişiklik mənbəyi olaraq qalacaq”.

Beynəlxalq konfrans iştirakçılarının "Mədəni və etnik müxtəliflik: tarixin dərsləri, müasir çağırışlar" adlı Birgə Bəyannaməsinin qəbulu və oxunması ilə başa çatacaq.

Xəbər lenti

Xəbər lenti