Şuşa.Trend:
Çərkəz icmasının hədəfi xalqlar arasında dayanıqlı sülhün bərqərar olmasıdır.
Trend-in tədbirdə iştirak edən müxbiri xəbər verir ki, bunu Türkiyənin Çərkəz Agentliyi İctimai Hərəkatının üzvü Anjelika Toktamış-Ceyişakar Şuşada "Mədəni və Etnik müxtəliflik: tarixin dərsləri, müasir çağırışlar" mövzusunda keçirilən beynəlxalq konfrans çərçivəsində təşkil olunan "Müstəmləkəçiliyin müasir formaları: xalqlara faciə, köləlik və iztirab gətirən hərəkətlər” mövzusunda panel müzakirəsində bildirib.
“Tarixdə böyük ağrılar yaşamış xalqların səsinin eşidilməsi və onların gələcəyinin müzakirəsi çox qiymətlidir. Çərkəz icmalarının hədəfi münaqişə deyil. Hədəf ədalət, əməkdaşlıq, iqtisadi rifah, xalqlar arasında davamlı sülhdür. Keçmişimizi unutmadan gələcəyə güvənlə baxmaq istəyirik”,-deyə o bildirib.
Qeyd edək ki, Şuşada "Mədəni və etnik müxtəliflik: tarixin dərsləri, müasir çağırışlar" mövzusunda beynəlxalq konfrans keçirilir.
Konfrans "Mədəni və Etnik Müxtəliflik Mərkəzi" İctimai Birliyi tərəfindən "İpək Yolu" Mədəni-Tarixi Araşdırmalar İctimai Birliyi ilə tərəfdaşlıq çərçivəsində təşkil olunub.
Konfransda Azərbaycan, ABŞ, Fransa, Litva, Polşa, Çexiya, Almaniya, İsrail, Türkiyə və Gürcüstandan nümayəndələr iştirak edirlər.
