Visa Azərbaycanda yeni ödəniş texnologiyalarının daha geniş tətbiqini gözləyir

İqtisadiyyat Materials 6 İyul 2026 09:13 (UTC +04:00)
Visa Azərbaycanda yeni ödəniş texnologiyalarının daha geniş tətbiqini gözləyir
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

PARİS /Trend/ — Visa Azərbaycanda yeni ödəniş texnologiyalarının daha geniş tətbiqini gözləyir.

Bunu Trend-ə Parisdə Visa Ödəniş Forumunun informasiya sessiyası çərçivəsində eksklüziv müsahibəsində Visa şirkətinin Mərkəzi Avropa, Yaxın Şərq və Afrika (CEMEA) regionu üzrə kommersiya ödənişləri və pul köçürmələri həlləri departamentinin rəhbəri, baş vitse-prezidenti Şahbaz Xan deyib.

Onun sözlərinə görə, Visa şirkətlərin ödənişləri qəbul etməsi və həyata keçirməsi ilə bağlı yanaşmaları yenidən nəzərdən keçirməyə və dəyişdirməyə çalışır.

“Bu prosesi daha innovativ etmək barədə düşündükdə, ilk növbədə istifadəçiləri yeni həllərə qoşmağın ən sadə yolunu axtarırıq. Məqsədimiz B2B ödənişlərini istehlakçı ödənişləri qədər sadə və rahat etməkdir. İstehlakçılar artıq rəqəmsal ödənişlər və mobil bank tətbiqləri üçün smartfonlardan istifadə etməyə öyrəşiblər. Xüsusilə Azərbaycan kimi bazarlarda istifadəçilər fiziki şəxslər arasında pul köçürmələrini (P2P) də rahat şəkildə həyata keçirirlər, çünki müvafiq infrastruktur yaxşı inkişaf edib. Biz bu tanış istifadəçi təcrübəsini B2B ödənişləri sahəsinə də gətirmək istəyirik”, – deyə o bildirib.

Şahbaz Xan qeyd edib ki, bu istiqamətdə əsas alətlərdən biri Tap to Phone texnologiyasıdır. Bu texnologiya adi smartfondan kontaktsız ödənişlərin qəbulu üçün terminal kimi istifadə etməyə imkan verir.

“Əvvəllər kiçik biznes üçün əsas problemlərdən biri POS-terminal almaq zərurəti idi. İndi isə adi smartfon kifayətdir – satıcılar ödənişləri birbaşa öz cihazlarında qəbul edə bilirlər”, – deyə Visa nümayəndəsi vurğulayıb.

Şahbaz Xanın sözlərinə görə, sahibkarlar artıq banka qoşulmaq üçün uzun prosedurlardan keçmək əvəzinə sadəcə tətbiqi yükləyib Visa Accept platformasında qeydiyyatdan keçə bilərlər. Bu platforma həm müştəri ilə birbaşa təmas zamanı, həm də ödəniş linki göndərməklə məsafədən ödənişlərin qəbuluna imkan yaradır.

“Ödənişlərin həyata keçirilməsi üçün biz kommersiya kartları əsasında həllər təklif edirik. Bu həllər şirkətlərə istehlakçı və korporativ ödənişləri ayırmağa kömək edir. Eyni zamanda, onlar əməliyyatlar barədə geniş məlumat təqdim edir ki, bu da biznesə debitor və kreditor borclarını izləməyə və pul axınlarını daha səmərəli idarə etməyə imkan verir.

Bundan başqa, Visa Direct xidmətimiz var. Bu xidmət artıq Azərbaycanda və MDB ölkələrinin digər bazarlarında yaxşı inkişaf edib. Onun vasitəsilə şirkətlər əməkdaşlara, podratçılara və ya rəqəmsal kontent yaradıcılarına ödənişləri birbaşa bank hesablarına, ödəniş kartlarına və ya rəqəmsal pul kisələrinə göndərə bilirlər. Visa Direct 12 milyard ödəniş nöqtəsinə çıxış təmin edir ki, bu da şirkətlərə B2B köçürmələrini həyata keçirməyə imkan verir. Beləliklə, biz ödəniş prosesinin hər iki tərəfini əhatə edərək biznes üçün həm ödənişlərin qəbulu, həm də həyata keçirilməsi üzrə innovativ üsulların tətbiqini xeyli asanlaşdırırıq”, – deyə Visa-nın baş vitse-prezidenti bildirib.

Şahbaz Xanın sözlərinə görə, Mərkəzi Avropa, Yaxın Şərq və Afrika (CEMEA) regionunda Tap to Phone texnologiyasından istifadənin orta artım tempi təxminən 200 faiz təşkil edir.

“Bəzi bazarlarda artım daha sürətlidir, çünki texnologiya orada daha əvvəl istifadəyə verilib. Digər bazarlarda isə tətbiq daha gec başladığından yayılma prosesi bir qədər ləng gedir. Bununla belə, bizi ruhlandıran məqam ondan ibarətdir ki, demək olar hər yerdə sürətli artım müşahidə edirik. Rəqəmsal ödənişlərin nüfuzetmə səviyyəsinin əvvəlcə aşağı olduğu bəzi bazarlarda dinamika daha da təsirli olub.

Azərbaycanda rəqəmsal ödənişlər artıq geniş yayılıb. Buna baxmayaraq, belə vacib və effektiv məhsulu bazara çıxararkən onun bu qədər yüksək səviyyədə mənimsənilməsini görmək bizim üçün çox müsbət siqnaldır.

Hazırda diqqətimizi daha çox bank-ekvayerin maarifləndirilməsinə və qoşulmasına yönəltmişik ki, onlar bu həlli öz müştərilərinə və ticarət müəssisələrinə təklif edə bilsinlər. Biz onlarla çox sıx əməkdaşlıq edirik ki, hazırladığımız texnoloji həllər onların sistemlərinə asanlıqla inteqrasiya olunsun. Bunun üçün proqram təminatının hazırlanması dəstləri (SDK) və tətbiqi proqramlaşdırma interfeysləri (API) təqdim edirik. Bu alətlər həllərimizin onların rəqəmsal xidmətlərinə maksimum sürətlə inteqrasiya olunmasına imkan yaradır. Məhsullarımızın daha geniş yayılması üçün tərəfdaşlarımızla sıx əməkdaşlığı davam etdirəcəyik”, – deyə o əlavə edib.

Şahbaz Xanın fikrincə, süni intellekt öz biznesini qurmaq üçün maneələri azaltdıqca rəqəmsal ödənişlərin əhəmiyyəti daha da artacaq.

“Bu gün tez-tez qeyd olunur ki, süni intellektin inkişafı sayəsində dünyanın istənilən nöqtəsində sadəcə noutbuk və internet bağlantısı ilə biznes qurmaq mümkündür. Yeni layihələrə başlayanlar – istər rəqəmsal kontent yaradıcıları, istər podratçılar, süni intellekt üzrə mütəxəssislər və ya sahibkarlar olsun – üçün rəqəmsal ödənişlər həlledici rol oynaya bilər.

Biz əminik ki, rəqəmsal ödəniş üsullarını tətbiq edən şirkətlər daha çox müştəri qazanır və müştəri bazalarını əhəmiyyətli dərəcədə genişləndirirlər. Onlar artıq yalnız yerli bazarla məhdudlaşmır və bütün dünyadan müştərilərlə işləyə bilirlər. Əgər bu gün biznes qurmaq xeyli asanlaşıbsa, onun inkişafı üçün lazım olan ödəniş həllərinə qoşulmaq da eyni dərəcədə sadə olmalıdır. Bizim səylərimiz məhz buna yönəlib – rəqəmsal ödənişlərə qoşulma prosesini istifadəçilər üçün maksimum rahat və anlaşılan etmək.

Daha əvvəl bəhs etdiyim bütün həllər, o cümlədən Tap to Phone və Visa Accept kimi sərfəli ödəniş qəbul etmə alətləri Mərkəzi Avropa, Yaxın Şərq və Afrika regionu ölkələri üçün xüsusilə актуaldır. Statistik məlumatlara görə, regionda təxminən 90 milyon kiçik biznes və ticarət müəssisəsi hələ də rəqəmsal ödənişləri qəbul etmir. Bizim həllərimiz onların rəqəmsal ödənişlərə qoşulmasını mümkün qədər sadə və rahat etməyə yönəlib”, – deyə o bildirib.

Şahbaz Xanın sözlərinə görə, Visa Direct xidmətinin inkişafında da oxşar müsbət dinamika müşahidə olunur.

“MDB ölkələri bu həllin tətbiqinin xüsusilə sürətlə getdiyi regionlardan biridir. Bir çox bazarlarda biz yerli xüsusiyyətlərə uyğunlaşdırılmış daxili P2P köçürmələrini təmin edirik. Bununla yanaşı, hər bazarın spesifikasına uyğun həllər hazırlayırıq.

Məsələn, Ukrayna, Qazaxıstan və Azərbaycanda sürətləndirilmiş vəsait qaytarılması xidmətini tətbiq etmişik. Bu xidmət Visa Direct infrastrukturu vasitəsilə ödəniş etmiş müştərilərə vəsaitlərini demək olar ki, dərhal bank kartlarına geri almağa imkan verir. Bu isə unikal və son dərəcə rahat istifadəçi təcrübəsi yaradır.

Yeni bazara daxil olarkən ilk növbədə onun ehtiyaclarını təhlil edirik. Daha sonra Visa Direct və Visa Accept kimi platformalardan istifadə etməklə həm istehlakçıların, həm də biznesin gözləntilərinə maksimum uyğun gələn ödəniş həlləri hazırlayırıq.

Uzun illər ərzində Visa-nın qlobal kart ödənişləri şəbəkəsini qurmuşuq. Bu gün isə pul köçürmələri üçün mümkün qədər effektiv platformanın inkişafına da eyni dərəcədə səy göstəririk. Visa Direct bank hesabları, ödəniş kartları və rəqəmsal pul kisələri daxil olmaqla, təxminən 12,5 milyard ödəniş nöqtəsinə çıxış təmin edir. Platforma 195 bazarda 150 valyuta üzrə əməliyyatları dəstəkləyir. Bu, onu Visa-nın qlobal ödəniş şəbəkəsinin prinsipləri əsasında qurulmuş miqyaslana bilən, təhlükəsiz və etibarlı həllə çevirir.

Visa Direct vasitəsilə həm fiziki şəxslər, həm də şirkətlər beynəlxalq köçürmələri sürətli, şəffaf və təhlükəsiz şəkildə həyata keçirə bilirlər. Göndərənin fərdi şəxs və ya şirkət olmasından asılı olmayaraq, Visa Direct müştərilərə, təchizatçılara və digər alıcılara vəsaitlərin operativ və təhlükəsiz göndərilməsinə imkan yaradır”, – deyə Visa-nın baş vitse-prezidenti izah edib.

Azərbaycanda B2B ödənişlərinin inkişaf perspektivlərindən danışan Şahbaz Xan Tap to Phone texnologiyasının təqdim etdiyi imkanların daha da geniş yayılacağına əminliyini ifadə edib.

“Biz həmçinin gözləyirik ki, getdikcə daha çox ticarət və xidmət müəssisəsi öz emitent bankları vasitəsilə Visa Accept proqramına qoşulacaq. Tap to Phone ilə ödəniş qəbulu və Visa Direct vasitəsilə köçürmələrin həyata keçirilməsi kimi həllər daha əlçatan olduqca, onların həm biznes, həm də istehlakçılar tərəfindən fəal şəkildə tətbiq ediləcəyini gözləyirik.

Bu texnologiyalar şirkətlər üçün həm rəqəmsal ödənişlərin qəbulunu, həm də həyata keçirilməsini əhəmiyyətli dərəcədə sadələşdirir. Biz kibertəhlükəsizlik sahəsində qabaqcıl təcrübələrdən istifadə edir və ödəniş şəbəkəmizin dayanıqlı və qorunan qalması üçün daim çalışırıq. Bunun üçün böyük həcmdə vəsait, vaxt və resurs yatırırıq. Süni intellekt texnologiyalarının daha geniş yayılması ilə biz potensial kibertəhlükələrdən müdafiəni gücləndirmək üçün süni intellektdən də istifadə edirik. Şəbəkəmizin təhlükəsiz və etibarlı qalması bizim üçün son dərəcə vacibdir və bu istiqamətə investisiyaları davam etdirəcəyik.

Biz region üzrə tərəfdaşlarımızla əməkdaşlığı davam etdirərək yeni texnoloji imkanları tətbiq edəcəyik. Məqsədimiz hər bir yerli bazarın xüsusiyyətlərini dərindən anlamaq, məhsullarımızı onlara uyğunlaşdırmaq və tərəfdaşlarımızla birlikdə bu həllərin müştərilərin ehtiyaclarına maksimum cavab verməsini təmin etməkdir. Bazarın tələbləri dəyişdikcə, məhsullarımızın aktuallığını və effektivliyini qorumaq üçün tərəfdaşlarımızla sıx əməkdaşlığı davam etdirəcəyik”, – deyə Visa-nın baş vitse-prezidenti yekunlaşdırıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti