SOCAR süni intellektə fokuslanan inteqrasiya olunmuş enerji şirkətinə çevrilir

Energetika Materials 6 İyul 2026 11:40 (UTC +04:00)
SOCAR süni intellektə fokuslanan inteqrasiya olunmuş enerji şirkətinə çevrilir
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı.Trend:

SOCAR süni intellektə fokuslanan inteqrasiya olunmuş enerji şirkətinə çevrilir.

Trend-in tədbirdə iştirak edən müxbiri xəbər verir ki, bunu ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun (IDD) təşkil etdiyi XX Bakı Yay Enerji Məktəbinin (Baku Summer Energy School) açılış mərasimində SOCAR-ın vitse-prezidenti Ziba Mustafayeva deyib.

"SOCAR artıq sadəcə neft şirkəti deyil. Biz fəaliyyətini məlumatlara və süni intellektə əsaslandıran inteqrasiya olunmuş, şaxələndirilmiş enerji şirkətinə transformasiya olunuruq. Şirkət neft-qaz sənayesinin bütün ənənəvi istiqamətlərində – kəşfiyyat və hasilat, nəqliyyat, emal və treydinq sahələrində fəaliyyətini davam etdirməklə yanaşı, enerji keçidi istiqamətində də fəaliyyətini genişləndirir. SOCAR artıq bir neçə ildir günəş və külək enerjisi layihələrini həyata keçirir, regional səviyyədə fəaliyyətini daha da genişləndirmək imkanlarını nəzərdən keçirir, həmçinin "yaşıl" energetikanın digər istiqamətlərini araşdırır", – deyə o bildirib.

SOCAR-ın vitse-prezidenti vurğulayıb ki, 2026-cı ildə şirkət Dünya İqtisadi Forumunun "Lighthouse Award" mükafatına layiq görülüb.

"Bu mükafat SOCAR-ın Azərbaycandakı Karbamid Zavodunda rəqəmsal texnologiyaların, avtomatlaşdırmanın və süni intellekt əsaslı həllərin tətbiqinin beynəlxalq səviyyədə tanınmasının göstəricisidir. Əldə etdiyimiz təcrübə artıq qlobal səviyyədə qəbul olunub və digər ölkələrdə də tətbiq edilə bilər. Bu il SOCAR İtaliyada "Italiana Petroli" şirkətinin yanacaq pərakəndə satışı biznesini və neft emalı aktivlərini satın alıb. Bu, şirkətin tarixində ən iri beynəlxalq əməliyyatlardan biri olub. Bu il Bakı–Tbilisi–Ceyhan (BTC) neft kəmərinin istismara verilməsinin 20 ili tamam olur. Bu yaxınlarda kəmərin operator funksiyaları bp-dən SOCAR-a təhvil verilib. Bu isə o deməkdir ki, biz belə iri infrastrukturun idarə olunması üçün yerli ekspertiza formalaşdırmışıq və bu təcrübəni digər ölkələrlə bölüşməyə hazırıq", – deyə Z.Mustafayeva bildirib.

Sonda o vurğulayıb ki, SOCAR ADA Universiteti ilə əməkdaşlığı yüksək qiymətləndirir və universitetin birgə təhsil proqramları çərçivəsində şirkətin rəhbər və menecerlərinin hazırlanmasına verdiyi töhfəni xüsusi qeyd edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti