Yanvar-iyun aylarında dövlət büdcəsindən geri qaytarılan vəsaitin məbləği açıqlanıb

İqtisadiyyat Materials 6 İyul 2026 17:12 (UTC +04:00)
Yanvar-iyun aylarında dövlət büdcəsindən geri qaytarılan vəsaitin məbləği açıqlanıb
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

Cari ilin yanvar-iyun ayları ərzində dövlət büdcəsindən geri qaytarılan vəsaitin ümumi həcmi açıqlanıb.

Bu barədə Azərbaycanın Maliyyə Nazirliyinin rəsmi saytında dərc olunmuş məlumatda qeyd olunub.

Məlumata görə, 2026-cı ilin yanvar-iyun ayları ərzində dövlət büdcəsindən fiziki və hüquqi şəxslərə ümumilikdə 154 milyon 659,6 min manat məbləğində vəsait geri qaytarılıb.

Qeyd olunub ki, geri qaytarılan vəsaitlər fiziki şəxslərin pərakəndə ticarət və ictimai iaşə sahəsində aldıqları mallara, mədəniyyət (teatr, kino, muzey, konsert), tibbi xidmətlərə, o cümlədən işğaldan azad edilmiş ərazilərdəki mehmanxana xidmətlərinə, habelə əcnəbilər tərəfindən ölkə ərazisində istehsal və kommersiya məqsədi daşımayan malların alınmasına ödənilmiş ƏDV-nin qaytarılmasına aiddir.

Bununla yanaşı, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin bir hissəsi, həmçinin artıq ödənilmiş digər vergilər, dövlət rüsumu, faizlər və maliyyə sanksiyaları da geri qaytarılıb.

Qeyd edək ki, Azərbaycanın Maliyyə naziri Sahil Babayev Milli Məclisdə “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib ki, hesabat dövründə fiskal intizam qorunmaqla, büdcə qaydasının göstəriciləri yuxarı hədlər daxilində icra olunub.

Nazirin sözlərinə görə, 2025-ci ildə icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ÜDM-ə nisbət göstəricisi 18,6 faiz təşkil edib və bu, 22 faiz səviyyəsində müəyyən edilmiş hədəf göstəricisindən 3,5 faiz-bəndi azdır.

S.Babayev bildirib ki, icmal büdcədə qeyri-neft gəlirlərinin payı 55,2 faizə çatıb və əvvəlki illə müqayisədə 2,8 faiz bəndi artıb:

"Dövlət borcunun idarə edilməsi sahəsində müsbət dinamikanın qorunduğunu qeyd edən nazir 2026-cı il iyun 1-nə dövlət borcunun 24,1 milyard manat və ya ÜDM-in 18,4 faizi səviyyəsində olduğunu bildirib: “Bu göstərici ilin əvvəli ilə müqayisədə 11,9 faiz azalıb. Dövlət istiqrazlarının orta ödəmə müddətinin 3,8 ilə çatması, 7 və 10 illik istiqrazların borc portfelindəki payının artması portfelin keyfiyyətinin yaxşılaşmasını göstərir”.

Nazir, eyni zamanda, Dövlət Neft Fondunun 2026-cı ilin 1 yanvar tarixinə olan aktivlərinin 13,5 milyard ABŞ dolları artaraq 73,5 milyard ABŞ dollarına çatdığını, makroiqtisadi sabitlik və inkişaf üçün güclü uzunmüddətli bufer yaratmağa imkan verdiyini vurğulayıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti