...

Lyayen İran münaqişəsinin danışıqlar yolu ilə həllinə çağırıb

Dünya xəbərləri Materials 24 Mart 2026 11:20 (UTC +04:00)
Lyayen İran münaqişəsinin danışıqlar yolu ilə həllinə çağırıb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İran münaqişəsinin danışıqlar yolu ilə nizamlanması vacibdir.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, bunu Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen Avstraliya səfəri zamanı jurnalistlərə açıqlamasında deyib.

“Bizim danışıqlar yolu ilə həll yolu tapmağımız son dərəcə vacibdir, elə bir həll yolu ki, bugün Yaxın Şərqdə izlədiyimiz hərbi toqquşmalara son qoysun”, – fon der Lyayen Kanberrada Avstraliyanın Baş naziri Entoni Albaneze ilə birgə çıxışı zamanı qeyd edib.

Lyayen bildirib ki, bəzi Aİ ölkələri müharibə başa çatdıqdan sonra Hörmüz boğazının qorunması üçün “missiya” çərçivəsində yardım göstərməyə hazırlaşır.

“Hamımız qaz və neft qiymətlərinə, bizneslərimizə və cəmiyyətlərimizə olan dolayı təsirləri hiss edirik”, – deyə o əlavə edib və ticarət marşrutunun “qlobal enerji təchizat xətləri üçün son dərəcə zəruri əhəmiyyət daşıdığını” vurğulayıb.

Qeyd edək ki, ABŞ və İran arasında nüvə proqramı ilə bağlı danışıqlarda konkret razılaşma əldə olunmadığına görə, 28 fevraldan etibarən ABŞ və İsrail İrana hərbi hava hücumlarına başlayıb. Buna cavab olaraq İran da həmin gündən etibarən İsrailə və ABŞ-nin region ölkələrindəki hərbi obyektlərinə raket və dronlarla hücum edib.

İrana hərbi hava hücumlarının ilk günündə İranın Ali Lideri Ayətullah Seyid Əli Xamenei, bir sıra yüksək vəzifəli hərbçilər ölüb. 8 martda İranın Ekspertlər Məclisi səsçoxluğu ilə Ayətullah Seyid Əli Xameneinin oğlu Seyid Muctaba Xameneini İranın 3-cü Ali Lideri seçib.

İrana hərbi hava hücumları nəticəsində İran Ordusunun Baş Qərargah rəisi general-mayor Əbdülrəhim Musəvi, İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) baş komandanı Məhəmməd Pakpur, Ali Liderinin müşaviri və Müdafiə Şurasının katibi Əli Şəmxani, müdafiə naziri Əziz Nəsirzadə, kəşfiyyat naziri İsmayıl Xətib, Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani, Bəsic Təşkilatının komandiri Qulamreza Süleymani və başqaları hərbi hava hücumları zamanı ölüblər.

1-5 mart tarixlərində qarşıdurma daha da genişlənərək Yaxın Şərqin müxtəlif ölkələrini əhatə edib.

Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniz nəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafında təhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətləri kəskin artıb və bir sıra ölkələr vətəndaşlarını regionu tərk etməyə çağırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti