Bakı. Trend:
Azərbaycan Ermənistan Respublikasının Konstitusiyasının dəyişdirilməsi ilə bağlı tələb irəli sürmür, sadəcə bildirir ki, Qarabağla bağlı orada mövcud olan ifadələr qalmaqda davam edərsə, Bakı sülh sazişini yekun olaraq imzalamayacaq.
Trend erməni KİV-ə istinadən xəbər verir ki, bu barədə Milli Assambleyanın Xarici Əlaqələr Komissiyasının iclası zamanı Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib.
Mirzoyanın sözlərinə görə, Azərbaycan tərəfi ilə son görüşdə Bakı tərəfindən Ermənistan Respublikasının Konstitusiyasının dəyişdirilməsi ilə bağlı heç bir tələb səsləndirilməyib.
"Biz deyəndə ki, Konstitusiyamızı sizinlə müzakirə edə bilmərik, çünki bu, Ermənistanın daxili işidir və danışıqlar mövzusu deyil, onlar dedilər: "çox yaxşı, bu sizin daxili işinizdir, biz bununla bağlı danışıqlar aparmırıq, sadəcə bildiririk ki, sizin Konstitusiyanızda bu ifadələr qaldıqca biz sülh sazişini yekun olaraq imzalamağa hazır deyilik"", - o qeyd edib.
