Bakı. Trend:
Özbəkistanda səfərdə olan Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədov bu ölkənin kənd təsərrüfatı naziri İbrokhim Abduraxmonov ilə görüşüb.
Trend xəbər verir ki, bu barədə Kınd Təsərrüfatı Nazirliyi məlumat yayıb.
Bildirilir ki, hər iki ölkənin nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüşdə Azərbaycanla Özbəkistanın kənd təsərrüfatı sahəsində əməkdaşlığının mövcud vəziyyəti barədə müzakirələr aparılıb.
Qonaqları salamlayan Özbəkistanın kənd təsərrüfatı naziri İbrokhim Abduraxmonov Azərbaycanla dost ölkələr olduğunu, bütün sahələr üzrə tərəfdaşlıq münasibətlərini inkişaf etdirməyə maraq göstərdiyini deyib. Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Azərbaycanın sığorta modelinə əsaslanaraq Özbəkistanın öz sığorta modelini qurduğunu, ölkəmizin kənd təsərrüfatı sahəsindəki nailiyyət və təcrübəsini qardaş ölkə ilə bölüşməyə hazır olduğunu qeyd edib.
Görüşdə aqrar sahədə əməkdaşlığın gücləndirilməsi, kənd təsərrüfatı və qida məhsullarının ticarət dövriyyəsinin artırılması, birgə investisiya layihələrinin qısa zamanda həyata keçirilməsi, iş adamları arasında əlaqələrin gücləndirilməsi, azərbaycanlı iş adamlarının Özbəkistanda fəaliyyətinin genişləndirilməsi, hər iki ölkədə təşkil edilən beynəlxalq sərgi və yarmarkalarda iş adamlarının iştirakının təşviq edilməsi, müasir texnologiyaların transferi, aqrar elmi-tədqiqat və aqrar təhsil sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub.
Tərəflər iki ölkə arasında kənd təsərrüfatı sahəsində gələcəkdə
ikitərəfli əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsində,
kənd təsərrüfatı və ərzaq məhsullarının ticarət dövriyyəsinin
artırılmasında maraqlı olduqlarını ifadə ediblər. Görüşdə
qarşılıqlı maraq doğuran məsələlər barədə geniş fikir mübadiləsi
aparılıb.
Görüş çərçivəsində Azərbaycan Respublikası Kənd Təsərrüfatı
Nazirliyinin tabeliyindəki Aqrar Tədqiqatlar Mərkəzi (ATM) ilə
Özbəkistan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki
Kənd Təsərrüfatı Bilikləri və İnnovasiya Sistemi (AKIS) arasında
əməkdaşlıq memorandumu imzalanıb. Sənədi ATM-in direktoru Rəşad
Hüseynov və AKİS-nin direkor müavini Oybek Amanov imzalayıb.
Anlaşma Memorandumunda aqrar sahədə gələcək əməkdaşlığın
istiqamətləri öz əksini tapıb. Sənədə əsasən, tərəflər aqrar
tədqiqat və təhsil sahələrində əməkdaşlığın genişləndirilməsi
barədə razılığa gəliblər.
