Bakı. Trend:
Türkiyənin Antalya şəhərində keçirilən Parataekvondo üzrə Türkiyə Açıq Beynəlxalq Turnirində Azərbaycan idmançıları 4 bürünc medal qazanıblar.
Trend-in məlumatına görə, İmaməddin Xəlilov (K44, 70 kq) 1/8 finalda İvan Ovçarovu (Rusiya), 1/4 finalda Mehmet Ünala (Türkiyə) qalib gələrək yarımfinala yüksəlib və yarışı bürünc medalla başa vurub. Sabir Zeynalov (K44, 58 kq) Timur Baitimirov (Rusiya) və Fayoz Valijonovu (Özbəkistan) məğlub edərək bürünc medal əldə edib.
Amin Əliyev (K44, 63 kq) 1/8 finalda Paris-2024-ün bürünc mükafatçısı Ayub Aduişi (Mərakeş), 1/4 finalda isə Mehmet Dönməzi (Türkiyə) üstələyərək bürünc medal qazanıb. Səmayə Həsənova (K44, 47 kq) isə Medine Cin və Gül Ekincini (Türkiyə) məğlub edərək turniri üçüncü yerdə tamamlayıb.
Bütün idmançılar yarımfinala qədər irəliləyərək Los-Anceles-2028 Yay Paralimpiya Oyunlarına reytinq xalları qazanıblar.
