Bakı. Trend:
Hollandiyada yanacaq qiymətlərinin kəskin artması səbəbindən balıqçıların əhəmiyyətli hissəsi bu həftə dənizə çıxmayacaq.
Trend xəbər verir ki, bu barədə NU.nl portalı məlumat yayıb.
Məlumata görə, kambala, daban və halibut ovlayan dib trol gəmilərinin yarıdan çoxu fəaliyyətini müvəqqəti dayandırır. Bildirilir ki, bu kateqoriyaya aid gəmilər ölkədə ümumi balıq ovunun əsas hissəsini təmin etsə də, hazırda balıqçılıq iqtisadi cəhətdən səmərəsiz olub.
Hollandiya Balıqçılar Birliyinin nümayəndəsi Dürk van Tuinen qeyd edib ki, ABŞ və İsrailin İrana qarşı hücumlarından sonra yanacaq qiymətləri ötən ayın sonundan etibarən təxminən iki dəfə artıb. Onun sözlərinə görə, mövcud şəraitdə dənizə çıxmaq zərərlə işləmək deməkdir və bu vəziyyət sektora ciddi zərbə vurur.
O əlavə edib ki, xüsusilə dib trol gəmiləri yüksək yanacaq sərfiyyatı səbəbindən daha çox zərər görür. Karides balıqçılığı kimi digər sahələrdə vəziyyət nisbətən fərqli olsa da, ümumilikdə əksər balıqçılıq şirkətləri hazırda zərərlə fəaliyyət göstərir.
