Bakı. Trend:
İtaliyada konstitusiyaya dəyişiklikləri nəzərdə tutan məhkəmə sisteminin islahatı ilə bağlı ümumxalq referendum keçiriləcək.
Trend xəbər verir ki, bu barədə İtaliyanın Daxili İşlər Nazirliyi məlumat yayıb.
Səsvermə martın 22-də başlayacaq və martın 23-dək (Moskva vaxtı ilə saat 17:00-a qədər) davam edəcək.
Təxminən 45 milyon seçici təklif olunan islahatla razı olub-olmadıqlarını bildirmək üçün səsvermədə iştirak edəcək. Qərarın qəbul edilməsi üçün sadə səs çoxluğu kifayətdir, kvorum tələbi yoxdur.
Qeyd olunur ki, referendumda müzakirəyə çıxarılan məsələ texniki xarakter daşıyır. İslahat məhkəmə və istintaq sisteminin strukturunda dəyişiklikləri əhatə edir.
Xüsusilə, hakimlərin, o cümlədən Ali Magistratura Şurasına təyin olunma qaydaları, eləcə də hakim və prokurorların karyera keçidləri ilə bağlı məhdudiyyətlər nəzərdə tutulur.
İslahat İtaliyanın Baş naziri Corcina Meloninin rəhbərlik etdiyi mərkəz-sağ hökumət tərəfindən hazırlanaraq hakim koalisiya tərəfindən dəstəklənib.
