Bakı. Trend:
ABŞ-də federal məhkəmə Pentaqonun (ABŞ Müharibə Nazirliyi) mediaya tətbiq etdiyi məhdudiyyətlərin konstitusiyada təsbit olunan söz və mətbuat azadlığını pozduğuna qərar verib.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, iddia "The New York Times" tərəfindən qaldırılıb və işə baxan hakim Pol Fridman Pentaqonun siyasətini qanunsuz hesab edib.
Məhkəmə qərarında qeyd olunub ki, yeni qaydalar jurnalistlərin fəaliyyətinə ciddi qeyri-müəyyənlik yaradır və onların akkreditasiyasının ləğv edilməsi üçün geniş əsaslar formalaşdırır. Bu isə həm ifadə azadlığına, həm də ədalətli məhkəmə hüququna ziddir.
Hakim vurğulayıb ki, milli təhlükəsizlik vacib olsa da, xüsusilə hərbi əməliyyatlar fonunda ictimaiyyətin hökumət fəaliyyəti barədə müxtəlif mənbələrdən məlumat alması daha böyük əhəmiyyət daşıyır.
Qərara əsasən, məhdudiyyətlərin tətbiqi dayandırılıb və bəzi jurnalistlərin akkreditasiyalarının bərpası tələb olunub. Pentaqon isə qərarla razılaşmadığını bildirərək apellyasiya şikayəti verəcəyini açıqlayıb.
