Bakı. Trend:
19 mart tarixində Abşeron Olimpiya İdman Kompleksində bədii gimnastika üzrə Açıq Region Birinciliyi baş tutub. Qeyd edək ki, bu yarış region səviyyəsində ilk dəfə təşkil olunub.
Trend xəbər verir ki, birincilikdə Abşeron rayonu, Xırdalan, Sumqayıt və Şamaxı şəhərlərini təmsil edən gimnastika klublarının yetirmələri iştirak ediblər. Yarışın əsas məqsədi gimnastikanın regionlarda inkişafına dəstək olmaq, gənc idmançıların yarış təcrübəsini artırmaq, onların bacarıq və potensialını üzə çıxarmaq, eləcə də klublar arasında idman əlaqələrini daha da gücləndirmək olub.
Yarış proqramı balacalar, yeniyetmələr və gənclər olmaqla müxtəlif yaş kateqoriyaları üzrə təşkil edilib. Gimnastlar alətsiz proqramla yanaşı, halqa, top və gürzlər ilə çıxış edərək öz texniki hazırlıqlarını, elastikliyini və çevikliyini nümayiş etdiriblər.
Qalib gimnastları təbrik edir, növbəti yarışlarda uğurlar arzulayırıq!
Foto: Arif Quluzadə
