Bakı. Trend:
2025-ci ildə Türkiyədən Azərbaycana fiziki şəxslərin pul köçürmələrinin həcmi 193,2 milyon ABŞ dolları təşkil edib.
Trend-in Azərbaycan Mərkəzi Bankına istinadən məlumatına görə, bu, 2024-cü ildəki göstərici ilə müqayisədə 17,3 milyon ABŞ dolları və ya 9,8% çoxdur.
Məlumata görə, hesabat dövründə xaricdən Azərbaycana ümumi pul köçürmələrində Türkiyənin payı 16,4% təşkil edib. Bununla da Türkiyə Azərbaycana ən çox pul köçürülən ölkələr siyahısında Rusiyadan sonra ikinci pillədə qərarlaşıb.
Həmçinin 2025-ci ildə Azərbaycandan Türkiyəyə fiziki şəxslərin pul köçürmələrinin həcmi 145,7 milyon ABŞ dolları olub ki, bu da 2024-cü ildəki göstərici ilə müqayisədə 6,1 milyon ABŞ dolları və ya 4% azalma deməkdir.
Hesabat dövründə Azərbaycandan xaricdən ümumi pul köçürmələrində Türkiyənin payı 28,9% təşkil edib. Bu göstərici ilə Türkiyə Azərbaycandan ən çox pul köçürülən ölkələr siyahısında ilk yerdə qərarlaşıb.
2024-cü ildə Azərbaycandan Türkiyəyə fiziki şəxslərin pul köçürmələrinin həcmi 151,8 milyon ABŞ dolları, əks istiqamətdə isə 175,9 milyon ABŞ dolları təşkil edib.
Ümumilikdə, 2025-ci ildə Azərbaycandan xarici ölkələrə fiziki şəxslərin həyata keçirdikləri pul köçürmələrinin həcmi 505,139 milyon ABŞ dolları təşkil edib. Bu isə 2024-cü ildəki göstərici ilə müqayisədə 21,6 milyon ABŞ dolları və ya 4,1% azdır.
Eyni zamanda, hesabat dövründə xarici ölkələrdən Azərbaycana fiziki şəxslərin pul köçürmələrinin həcmi 1,177 milyard ABŞ dolları təşkil edib ki, bu da 2024-cü ildəki göstərici ilə müqayisədə 94,1 milyon ABŞ dolları və ya 8,7% çoxdur.
