...

Tehran və Vaşinqton arasında danışıqlar aparılmır - İran XİN

Dünya xəbərləri Materials 23 Mart 2026 20:09 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Tehran ilə Vaşinqton arasında hər hansı danışıqların aparılmadığı bildirilib.

Trend xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda qeyd olunub.

Sənəddə vurğulanıb ki, ABŞ Prezidenti Donald Trampın səsləndirdiyi fikirlər enerji qiymətlərinin aşağı salınması və hərbi planların həyata keçirilməsi üçün vaxt qazanmaq cəhdi kimi qiymətləndirilir.

Nazirlik əlavə edib ki, Tehran və Vaşinqton arasında heç bir təmas yoxdur və region ölkələrinin gərginliyin azaldılması ilə bağlı təşəbbüslərinə baxmayaraq, İranın mövqeyi dəyişməz qalır.

Qeyd edək ki, ABŞ və İran arasında nüvə proqramı ilə bağlı danışıqlarda konkret razılaşma əldə olunmadığına görə, 28 fevraldan etibarən ABŞ və İsrail İrana hərbi hava hücumlarına başlayıb. Buna cavab olaraq İran da həmin gündən etibarən İsrailə və ABŞ-nin region ölkələrindəki hərbi obyektlərinə raket və dronlarla hücum edib.

İrana hərbi hava hücumlarının ilk günündə İranın Ali Lideri Ayətullah Seyid Əli Xamenei, bir sıra yüksək vəzifəli hərbçilər ölüb. 8 martda İranın Ekspertlər Məclisi səsçoxluğu ilə Ayətullah Seyid Əli Xameneinin oğlu Seyid Muctaba Xameneini İranın 3-cü Ali Lideri seçib.

İrana hərbi hava hücumları nəticəsində İran Ordusunun Baş Qərargah rəisi general-mayor Əbdülrəhim Musəvi, İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) baş komandanı Məhəmməd Pakpur, Ali Liderinin müşaviri və Müdafiə Şurasının katibi Əli Şəmxani, müdafiə naziri Əziz Nəsirzadə, kəşfiyyat naziri İsmayıl Xətib, Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani, Bəsic Təşkilatının komandiri Qulamreza Süleymani və başqaları hərbi hava hücumları zamanı ölüblər.

1-5 mart tarixlərində qarşıdurma daha da genişlənərək Yaxın Şərqin müxtəlif ölkələrini əhatə edib.

Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniz nəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafında təhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətləri kəskin artıb və bir sıra ölkələr vətəndaşlarını regionu tərk etməyə çağırıb.

Xəbər lenti

Xəbər lenti