Bakı. Trend:
ABŞ və İsrailin İrana qarşı apardığı hərbi kampaniyaya Fars körfəzindəki ərəb ölkələrinin qoşulmasının qarşısını almaq məqsədilə Türkiyə intensiv diplomatik səylər göstərir.
Trend xəbər verir ki, bu barədə “Bloomberg” öz mənbələrinə istinadən yazır.
Mənbələr qeyd edib ki, körfəzdəki ərəb ölkələri limanları, enerji obyektlərini və hava limanlarını hədəf alan İran hücumları qarşısında tədricən səbrlərini itirirlər.
Bundan bir neçə gün əvvəl "Wall Street Journal" (WSJ) qəzeti də, müntəzəm ballistik raket və dron hücumlarına görə Körfəz ölkələrinin İrana qarşı aparılan müharibəyə qoşulmaq niyyətində olduğunu yazmışdı.
“Bloomberg”in yazdığına görə, Türkiyə xarici işlər naziri Hakan Fidanın Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Qətərə səfərləri, eləcə də digər regional tərəfdaşlarla telefon danışıqları aparması ilə diplomatik səylərini artırıb.
Bundan əvvəl Türkiyə Prezidenti Recep Tayyip Ərdoğan müharibənin region ölkələri arasında növbəti zəiflətmə müharibəsinə çevrilməsini istəmədiklərini bildirib.
Ankara, eyni zamanda müharibə fonunda ABŞ ilə İran arasında aparılan diplomatik danışıqlarda da vasitəçilik edib.
