...

İran Cənubi Koreyanın yük gəmilərinin Hörmüzdən keçidinə şərait yaratmağa hazırdır

Dünya xəbərləri Materials 26 Mart 2026 11:22 (UTC +04:00)
İran Cənubi Koreyanın yük gəmilərinin Hörmüzdən keçidinə şərait yaratmağa hazırdır
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Tehran Cənubi Koreya gəmilərinin Hörmüz boğazından keçməsinə şərait yaratmağa hazırdır

Trend “Yonhap” agentliyinə istinadən xəbər verir ki, bunu İranın Seuldakı səfiri Səid Kuzəçi bildirib.

Lakin İranlı diplomatın sözlərinə görə bunun üçün ölkələr arasında əvvəlcədən əlaqələndirmə tələb olunur.

“Gəmilərlə bağlı problem yoxdur. Lakin onların keçidi üçün əlaqələndirmə - İranın hərbi qurumları və hökuməti ilə əvvəlcədən məsləhətləşmələr aparılmalıdır”, – səfir mətbuat konfransında bildirib.

“İran vicdanla hərəkət edir və Cənubi Koreya gəmilərinin Hörmüz boğazından keçməsinə icazə verməyə hazırdır, lakin bu, müvafiq məlumatın və gəmilərin siyahısının təqdim olunub-olunmamasından asılıdır. Bu məlumat təqdim edildikdən sonra biz onu nəzərdən keçirəcəyik”, – deyə diplomat əlavə edib.

“Yonhap”ın məlumatına görə, Fars körfəzi regionunda təxminən 180 ekipaj üzvü olan 26-ya yaxın Cənubi Koreya gəmisi lövbər salıb. İran səfiri vurğulayıb ki, Tehranda Koreya Respublikasını düşmən dövlət hesab etmirlər, lakin ABŞ şirkətləri ilə əlaqəli gəmilər və tankerlərə tətbiq olunan məhdudiyyətlər, onun sözlərinə görə, mövcud şəraitdə qaçılmazdır.

Qeyd edək ki, ABŞ və İran arasında nüvə proqramı ilə bağlı danışıqlarda konkret razılaşma əldə olunmadığına görə, 28 fevraldan etibarən ABŞ və İsrail İrana hərbi hava hücumlarına başlayıb. Buna cavab olaraq İran da həmin gündən etibarən İsrailə və ABŞ-nin region ölkələrindəki hərbi obyektlərinə raket və dronlarla hücum edib.

İrana hərbi hava hücumlarının ilk günündə İranın Ali Lideri Ayətullah Seyid Əli Xamenei, bir sıra yüksək vəzifəli hərbçilər ölüb. 8 martda İranın Ekspertlər Məclisi səsçoxluğu ilə Ayətullah Seyid Əli Xameneinin oğlu Seyid Muctaba Xameneini İranın 3-cü Ali Lideri seçib.

İrana hərbi hava hücumları nəticəsində İran Ordusunun Baş Qərargah rəisi general-mayor Əbdülrəhim Musəvi, İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) baş komandanı Məhəmməd Pakpur, Ali Liderinin müşaviri və Müdafiə Şurasının katibi Əli Şəmxani, müdafiə naziri Əziz Nəsirzadə, kəşfiyyat naziri İsmayıl Xətib, Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani, Bəsic Təşkilatının komandiri Qulamreza Süleymani və başqaları hərbi hava hücumları zamanı ölüblər.

1-5 mart tarixlərində qarşıdurma daha da genişlənərək Yaxın Şərqin müxtəlif ölkələrini əhatə edib.

Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniz nəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafında təhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətləri kəskin artıb və bir sıra ölkələr vətəndaşlarını regionu tərk etməyə çağırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti