...

İsveçrədə erməni diasporunun növbəti təxribatı iflasa uğradı

Siyasət Materials 22 Mart 2026 18:23 (UTC +04:00)
İsveçrədə erməni diasporunun növbəti təxribatı iflasa uğradı
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Martın 20-də İsveçrə parlamentinin Milli Şurasında (aşağı palatada) “Cenevrə kantonu 24.321: Dağlıq Qarabağın ilhaqı. Azərbaycanda siyasi məhbusların azad edilməsi” adlı kanton təşəbbüsü müzakirə olunub.

Trend xəbər verir ki, Milli Şura bu təşəbbüsü böyük səs çoxluğu ilə – 108 səsə qarşı 33 səslə rədd edib. İsveçrə parlamentinin Senatı (yuxarı palata) bu təşəbbüsü hələ ötən il rədd etdiyindən məsələ bağlanmış hesab olunur və artıq yenidən müzakirəyə çıxarıla bilməz.

Bundan əlavə, ötən il Senatın xarici əlaqələr komitəsində bu məsələ müzakirə edilərkən, Azərbaycan-Ermənistan münasibətlərinə dair mövzuların gündəmə gətirilməməsi çağırışı səsləndirilib. Bildirilib ki, bu cür müzakirələr regionda uğurlu sülh prosesinə zərbə vurur.

Beləliklə, İsveçrədə erməni diasporunun ölkənin qanunverici orqanında hər hansı nəticə əldə etmək istiqamətində son cəhdi uğursuzluqla nəticələnib.

Bununla belə, daşnakların açıq təsiri altında olan yerli erməni təşkilatları Ermənistanda seçki ili ilə əlaqədar müxtəlif təbliğat aksiyalarından istifadə etməyə davam edir və Paşinyan hakimiyyətinin əsas üstünlüyü sayılan sülh prosesini zəiflətməyə çalışırlar.

Belə ki, martın 18-də Cenevrə Mətbuat Klubunda “Beynəlxalq Xristian Həmrəyliyi” (CSI), “İsveçrə-Ermənistan Assosiasiyası” (l’Association Suisse Arménie), “Erməni Hüquqlarının Müdafiəsi Cəbhəsi” və özünü “Dağlıq Qarabağ xalqının əsas hüquqlarının müdafiəsi komitəsi” kimi təqdim edən qurum tərəfindən “İsveçrə, SOCAR və Cənubi Qafqaz: Dağlıq Qarabağ üzrə İsveçrə sülh təşəbbüsünün ildönümü” mövzusunda mətbuat konfransı təşkil olunub.

Tədbirdə SOCAR Trading şirkətinə qarşı şikayət səsləndirilib və iddia olunub ki, şirkət kommersiya fəaliyyəti vasitəsilə guya “Dağlıq Qarabağ regionundan erməni əhalinin çıxarılmasına” görə məsuliyyət daşıyan dövləti maliyyələşdirib.

Bu, ölkədə erməni revanşist qüvvələrinin SOCAR-ın İsveçrədəki fəaliyyətinə qarşı yönəlmiş ilk hücumu deyil. Əvvəlkilər kimi, bu təşəbbüsün də uğursuzluğa məhkum olduğu qeyd olunur. Lakin bunun Ermənistanda seçkilərə qədər müəyyən təbliğat effekti yarada biləcəyi istisna edilmir. Müstəqil müşahidəçilərin fikrincə, sözügedən “şikayət” daha çox seçki xarakteri daşıyıb və heç bir hüquqi öhdəlik yaratmayıb.

Eyni tədbirdə qeyd olunub ki, bir il əvvəl İsveçrə hökuməti Federal Məclisin (parlamentin) Azərbaycan, Ermənistan və “Dağlıq Qarabağ xalqının nümayəndələri” arasında guya “sülh forumu”nun keçirilməsi ilə bağlı tələbini yerinə yetirməkdən imtina edib. Hər iki dövlətin belə bir təşəbbüsdə iştirak etmək istəməməsi səbəbindən bu qərarın verildiyi bildirilib. İsveçrə hökumətinin ABŞ-ın dəstəyi ilə aparılan real sülh prosesi əvəzinə Alp dağlarında hansısa “forum”un keçirilməsi təşəbbüsünü qətiyyətlə rədd etməsi tədbir iştirakçılarının narazılığına səbəb olub.

Qeyd edək ki, əvvəlki oxşar tədbirlərdə İsveçrə parlamentinin üzvləri iştirak etdiyi halda, bu dəfə deputatlar erməni revanşistləri və radikal xristian qruplarının toplantısını görməzdən gəliblər.

Xəbər lenti

Xəbər lenti