Bakı.Trend:
“Fitch Solutions”un tərkibinə daxil olan BMI şirkətinin proqnozuna əsasən, yaxın müddətdə “Brent” markalı neftin qiymətləri bir barel üçün 110–130 dollar civarına yüksələ bilər. Yaxın Şərqdə münaqişə uzanacağı təqdirdə isə 150 dollar və daha yuxarı səviyyələrə qədər artım mümkündür.
Trend xəbər verir ki, münaqişənin başlanğıcından bəri “Brent” nefti artıq 50 faizdən çox bahalaşıb, öncədən bağlanan kontraktlar bir barel üçün 109 dollardan yuxarı satılır ki, bu da qlobal neft bazarlarında artan təzyiqi əks etdirir.
Qiymət artımı regionda enerji infrastrukturuna yönələn hücumların genişlənməsi də daxil olmaqla, eskalasiyanın davam etməsi əlamətləri ilə izah olunur.
“İnvestorlar tədarükə dair istənilən təhdidlərə qarşı son dərəcə həssasdırlar, bu da münaqişədən sonrakı bərpanın ləngiməsinə səbəb ola bilər” deyə BMI analitikləri qeyd edirlər və vurğulayırlar ki, istehsal və ixrac hələ də əhəmiyyətli dərəcədə məhduddur.
“Brent” nefti son iki həftə ərzində bir barel üçün 90–110 dollar civarında ticarət olunsa da, BMI hesab edir ki, bu intervalın qorunub saxlanılması gözlənilən deyil. “Münaqişənin davam edəcəyi təqdirdə, bir-iki həftə ərzində bir barel üçün 110–130 dollar diapazonuna davamlı keçidi gözləyirik”, — hesabatda qeyd olunur.
Uzunmüddətli perspektivdə BMI 2026-cı ildə “Brent” neftinin orta qiyməti üzrə baza proqnozunu bir barel üçün 70 dollar səviyyəsində saxlayır, lakin 75–82 dollar aralığına qədər mümkün korrektəyə hazırlaşır. Bu, analitiklərin münaqişənin müddətinə dair baxışlarının qısamüddətli (dörd həftəyədək) ssenaridən daha uzunmüddətli, hətta səkkiz həftəyədək uzana biləcək ssenariyə doğru dəyişməsini əks etdirir.
“Neft bazarına təsir zamanla tədricən yığılır və daha bir ay davam edən hərbi əməliyyatlar — Hörmüz boğazı vasitəsilə tədarüklərin son dərəcə aşağı səviyyədə qalması və kritik infrastrukturun təkrar hücumlara məruz qalması ilə - bazara misli görülməmiş təzyiq göstərəcək”, - BMI bildirir.
Münaqişədən əvvəl Hörmüz boğazı vasitəsilə gündə təxminən 20 milyon barel neft daşınırdı. Yüngülləşdirici amillərə — axınların Qırmızı dəniz və alternativ boru kəmərləri vasitəsilə yönləndirilməsi, strateji ehtiyatlardan istifadə, Rusiyaya qarşı sanksiyaların qismən yumşaldılması və tələbatın məhdud şəkildə azalması - bütün bunlara baxmayaraq, tədarükdə əhəmiyyətli çatışmazlıqla qalmaqdadır.
BMI proqnozlaşdırır ki, münaqişə dövründə gündəlik tədarükdə 7,5–15 milyon barel həcmində fasilələr yaranacaq. “Bazar təsiri zamanla yığılacaq, fiziki dislokasiyalar isə artacaq”, — hesabatda qeyd olunur.
Proqnoz olduqca qeyri-sabit qalır və qiymətlərin bir barel üçün 130 dollardan yuxarı yüksəlməsi üçün bir sıra potensial amillər mövcuddur. Bunlara Hörmüz boğazında eskalasiyaların kəskinləşməsi, Qırmızı dənizdə və ya Yanbu kimi ixrac mərkəzlərində fasilələrin yaranması, həmçinin İranın və digər Körfəz ölkələrinin əsas neft hasilatı və ixrac infrastrukturuna hücumlar daxildir.
“Daha uzunmüddətli münaqişə halında bu, neft və neft məhsulları üzrə proqnozlarımızın əhəmiyyətli şəkildə yenidən nəzərdən keçirilməsini tələb edəcək, çünki daha güclü və uzunmüddətli təklif şoku və bərpanın ləngiməsi müşahidə olunacaq”, - BMI analitikləri yekunlaşdırıblar.
