Bakı.Trend:
Yaponiyanın Baş naziri Sanae Takaçi Vaşinqtonda martın 19-da ABŞ prezidenti Donald Trampla keçirilən danışıqlar zamanı ölkənin Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyinin təmin olunmasında iştirakına dair hər hansı konkret öhdəlik götürməyib.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Yaponiyanın Nazirlər Kabinetinin baş katibi Minoru Kihara Tokioda keçirilən mətbuat konfransında bildirib.
O etiraf edib ki, Vaşinqtonda keçirilən görüşdə Tramp Tokionu Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyinə töhfə verməyə çağırıb.
“Lakin Yaponiya bu məsələ ilə bağlı heç bir konkret öhdəlik götürməyib, belə bir fakt olmayıb”, – baş katib vurğulayıb.
O qeyd edib ki, atəşkəsdən sonra ölkənin Hərbi Dəniz Qüvvələrinin həmin bölgəyə göndərilməsi ilə bağlı da heç bir qərar qəbul olunmayıb.
Bundan əvvəl Yaponiyanın Xarici işlər naziri Toşimicu Motegi televiziya kanallarından birinə müsahibəsində ölkənin silahlı qüvvələrinin Hörmüz boğazının minalardan təmizlənməsi üçün göndərilə biləcəyi ssenarini istisna etməmişdi.
