Bakı. Trend:
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının müdafiə nazirlikləri arasında imzalanan ikitərəfli hərbi əməkdaşlıq proqramı çərçivəsində cari ilin 23 yanvar - 2 fevral tarixlərində Təhlükəsizlik və Partlayıcı maddələrin Tədrisi Beynəlxalq Məktəbinin mütəxəssislərinin iştirakı ilə "Partlayış təhlükələri haqqında məlumatlandırma üzrə təlim kursu" keçirilib.
Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində Milli Müdafiə Universitetinin rəhbər heyətinin, Birləşmiş Krallığın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Fergus Auldun, o cümlədən hərbi attaşelik aparatının nümayəndələrinin, Təhlükəsizlik və Partlayıcı maddələrin Tədrisi Beynəlxalq Məktəbinin mütəxəssislərinin və dinləyicilərin iştirakı ilə kursu müvəffəqiyyətlə bitirənlərə sertifikatların təqdim olunması mərasimi keçirilib.
Mərasimdə çıxış edənlər keçirilən kursların qarşılıqlı təcrübə
mübadiləsi baxımından əhəmiyyətini vurğulayıblar, Azərbaycan ilə
Birləşmiş Krallıq arasında hərbi təhsil sahəsində mövcud
əməkdaşlığın daha da inkişaf etdirilməsinin zəruriliyini qeyd
ediblər.
Birləşmiş Krallığın BMT-nin İnkişaf Proqramı çərçivəsində
Azərbaycanda ərazilərin mina və partlamamış döyüş sursatlarından
təmizlənərək zərərsizləşdirilməsi istiqamətində göstərdiyi dəstək
xüsusi qeyd olunub. Kurs müddətində dinləyicilər tərəfindən əldə
olunan bilik və bacarıqların işğaldan azad olunmuş ərazilərin
minalardan təmizlənməsində tətbiq olunacağına əminlik ifadə
edilib.
Sonda xatirə şəkili çəkdirilib.