Azərbaycan, Bakı, 18 dekabr / Trend , müxbir İ.Əlizadə/ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri və İnsan hüquqları komissiyaları "Konstitusiyaya əlavə və dəyişikliklər haqqında referendum aktı" layihəsini qəbul edərək, müzakirə üçün parlamentin iclasına təqdim edib. Layihəni hazırlayan İşçi Qrupun üzvü, Hüquq siyasəti və dövlət quruculuğu daimi komissiyasının sədri Əli Hüseynov deyib ki, qrup üzvləri iclaslarda irəli sürülən təklifləri müzakirə ediblər.
Hüseynov onların bir çoxunun nəzərə alındığını bildirib. Komissiya sədri qeyd edib ki, deputatların təklifləri nəzərə alınaraq, layihədə 50 min vətəndaşın qanunvericilik təşəbbüsü ilə çıxış etməsi bəndinə də dəyişiklik edilib və bu hədd 40 min səviyyəsində müəyyən edilib. Milli Məclis Aparatı qanunvericilik şöbəsinin müdiri Lətif Hüseynovun sözlərinə görə, Konstitusiya Məhkəməsi rəy verəndən sonra Milli Məclis referendumun vaxtını müəyyənləşdirəcək. Layihə Milli Məclisin sabahkı iclasında müzakirəyə çıxarılacaq.Əlavə və dəyişikliklərlə bağlı təkliflər sırasında bir şəxsin iki dəfədən artıq prezident seçilməsini məhdudlaşdıran maddənin Konstitusiyadan çıxarılması məsələsi də var.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]