...

İsveçrə Konfederasiyasının Prezidenti Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri ilə görüşüb

Siyasət Materials 15 Mart 2011 22:29 (UTC +04:00)
Çərşənbə axşamı Azərbaycana rəsmi səfəri çərçivəsində Naxçıvana gələn İsveçrə Konfederasiyasının Prezidenti xanım Mişelin Kalmi-Rey muxtar respublika Ali Məclisinin sədri Vasif Talıbov ilə görüşüb.
İsveçrə Konfederasiyasının Prezidenti Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri ilə görüşüb

Azərbaycan, Bakı, 15 mart /Trend/

Çərşənbə axşamı Azərbaycana rəsmi səfəri çərçivəsində Naxçıvana gələn İsveçrə Konfederasiyasının Prezidenti xanım Mişelin Kalmi-Rey muxtar respublika Ali Məclisinin sədri Vasif Talıbov ilə görüşüb.

İsveçrə Prezidentini Azərbaycanın qədim Naxçıvan diyarında salamlamaqdan məmnun olduğunu bildirən Ali Məclisin sədri demişdir ki, İsveçrə Azərbaycanın müstəqilliyini tanıyan və onunla diplomatik əlaqələr quran ilk ölkələrdən biridir. Azərbaycanın İsveçrədə səfirliyi 2004-cü ildən, İsveçrənin ölkəmizdə diplomatik missiyası isə 2007-ci ildən fəaliyyət göstərir. Qeyd etmək xoşdur ki, Azərbaycanın bu qədim torpağında İsveçrənin İnkişaf və Əməkdaşlıq Təşkilatının maliyyə dəstəyi ilə reallaşdırılan kəhriz sistemlərinin bərpası layihəsi muxtar respublikanın inkişafına öz töhfəsini verməkdədir. Ali Məclisin sədri bu köməyə görə Prezident xanım Mişelin Kalmi-Reyə, İsveçrə Konfederasiyasının hökumətinə Naxçıvan Muxtar Respublikasının hökuməti və əhalisi adından minnətdarlığını bildirmiş, onun ölkəmizə bu səfərindən sonra əlaqələrin daha da inkişaf edəcəyinə əminliyini ifadə edib.

Ali Məclisin sədri kəhriz sistemlərinin bərpası layihəsinin icrası barədə məlumat vermişdir. Qeyd olunmuşdur ki, bu layihənin həyata keçirilməsinə 2007-ci ilin noyabr ayından başlanmışdır. Dəyəri 3 milyon 314 min İsveçrə frankı olan layihə 35 yaşayış məntəqəsini əhatə edir. Layihəyə əsasən 97 kəhriz bərpa ediləcəkdir. İndiyədək 69 kəhrizin bərpası başa çatdırılmış, 28 kəhrizdə isə iş davam etdirilir. Bərpa nəticəsində kəhrizlərdə su sərfiyyatı saniyədə 141 litrdən 367 litrə çatdırılmışdır. Bütün bunlar 20 ildir Ermənistan tərəfindən blokadada saxlanılan muxtar respublika əhalisinə çox böyük dəstəkdir.
İsveçrənin dünyada ədalətli bir dövlət kimi tanındığını bildirən Ali Məclisin sədri demişdir: isveçrəli jurnalist Andre Vidmer ölkənizdə nəşr olunan həftəlik qəzetdə Ermənistanın işğal etdiyi Ağdam haqqında məlumatlar dərc etdirmişdir. Qəzetdə dərc olunan və İsveçrənin bir sıra internet saytlarında yerləşdirilən həmin məlumatlarda işğalçı Ermənistanın Azərbaycanın Ağdam rayonunda törətdiyi vəhşiliklər barədə ətraflı bəhs edilmişdir. Andre Vidmer Ermənistana növbəti səfəri zamanı oradan deportasiya olunmuşdur. Ali Məclisin sədri İsveçrə hökumətinə və jurnalistə ədalətli mövqeyinə görə təşəkkürünü bildirmiş, Andre Vidmeri Naxçıvan Muxtar Respublikasına səfərə dəvət edib.

V.Talıbov muxtar respublikanın statusu, elm və təhsil müəssisələri, sosial-iqtisadi inkişafı barədə də ali qonağa ətraflı məlumat verib.

İsveçrə Konfederasiyasının Prezidenti xanım Mişelin Kalmi-Rey Naxçıvana səfər etməkdən məmnun olduğunu bildirərək demişdir: Mən çoxdan istəyirdim ki, Naxçıvana gəlim və burada həyata keçirdiyiniz layihələrlə tanış olum. Hesab edirəm ki, bu layihələr muxtar respublika üçün çox vacibdir. Onların reallaşdırılması əhalinin təmiz içməli su ilə təmin edilməsi, kənd təsərrüfatının inkişafı və yeni iş yerlərinin açılması baxımından olduqca əhəmiyyətlidir. Bu, həm də tarixi ənənələrin qorunub saxlanması deməkdir. Azərbaycanda kəhriz adlandırılan bu suvarma sistemindən dağlıq ərazi olan İsveçrədə də geniş istifadə edilir.

Xanım Mişelin Kalmi-Rey Azərbaycan ilə İsveçrə arasında münasibətlərin yüksək səviyyədə olduğunu bildirmiş və qeyd etmişdir ki, biz ikitərəfli əlaqələrimizi daha da gücləndirmək istəyirik.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparılmışdır.

Xəbər lenti

Xəbər lenti