...

Ermənistan bu təxribata çoxdan hazırlaşırmış - Silahlı insidentin DETALLARI

Siyasət Materials 11 May 2023 12:35 (UTC +04:00)
Ermənistan bu təxribata çoxdan hazırlaşırmış - Silahlı insidentin DETALLARI
Təhməz Əsədov
Təhməz Əsədov
Bütün xəbərlər

Bakı. Trend:

Ermənilərin bu son təxribatı ilə bağlı mən hələ 15 gün öncə informasiya vermişdim ki, Ermənistan tərəfi artıq sərhədə həm canlı qüvvə, həm də hərbi texnika, silah-sursat daşımaqdadır. Yəni bu da onun göstəricisi idi ki, hardasa mayın 5-dən sonra sərhəddə vəziyyət gərginləşəcək və Ermənistanın təcavüz siyasəti yenə də davam edəcək. Çox təəssüflər olsun ki, o proqnozlarımın hamısı düz çıxdı.

Bunu Trend-ə açıqlamasında hərbi ekspert Telman Qasımov deyib.

O bildirib ki, Brüssel görüşü öncəsi bu təxribat sülh danışıqlarını dalana dirəmək məqsədi daşıyır:

"Ermənistan tərəfi yaralıların sayını açıqlasa da itkilərlə bağlı məlumat vermir. Amma düşmənə cavab tədbirləri nəticəsində böyük zərbə endirmişik.

Bu ərəfələrdə sərhəddə vəziyyətin ağırlaşacağı ilə bağlı proqnozumun səbəbləri çox idi, düşmən dayanmadan canlı qüvvə, silah, hərbi texnika daşıyırdı. Xüsusən də Zəngəzur və Ermənistanın Basarkeçər rayonunu istiqamətindən Azərbaycanın Kəlbəcər istiqamətində bu hərbi texnikaları daşımaqları bir daha göstərirdi ki, düşmən nəsə planlar qurub.

Məlumdur ki, qarşıda Brüssel görüşləri gözlənilir. Brüsselin ardınca Moskva görüşünün olacağı deyilir.

Bu, bir daha onu göstərdi ki, düşmən tərəfi bilərəkdən bu təxribatları hazırlayıbmış ki, istər Brüssel, istərsə də sonra keçirilməsi nəzərdə tutulan digər görüşlərdə Azərbaycanla bu zamana kimi razılaşdırılmayan məsələlər fonunda Bakıya təzyiq göstərə bilsinlər. Təbii ki, bu, alınmayacaq. Azərbaycanın istər hərbi gücü, istərsə də son dövrlərdəki diplomatik uğurları deməyə əsas verir ki, Ermənistanın atdığı bu addımlar boşu-boşunadır", - ekspert vurğulayıb.

T.Qasımov əlavə edib ki, Brüssel görüşü öncəsi Qərblə Rusiya arasında qalan Nikol Paşinyanın bir qərara gələ bilməməsi, sərhəddə eskalasiya riski yaratması göstərir ki, Ermənistanın baş naziri yenə də vaxt udmağa çalışır:

"Paşinyan vəziyyəti gərginləşdirir ki, yenə bir müddət danışıqlar baş tutmasın, sülh müqaviləsi imzalanmasın, ta o vaxta qədər ki, tam şəkildə özünə bir himayə, arxa tapa bilsin. Bu isə baş tutmayacaq", - deyə analitik bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti