Bakı. Trend:
Azərbaycan 30 illik işğala məhz Qərbin illərlə kağız üzərində saxladığı beynəlxalq hüquq normaları hesabına yox, məhz Ordusunun gücü hesabına son qoydu. Bu, asan başa gəlmədi. Aydın məsələdir ki, Azərbaycanın Ordu quruculuğunda önəmli irəliləyişlərə nail olması, qüdrətlənməsi üçün yeni imkanlara malik olması əsas şərtlərdən biri idi. Bunun üçün Ordumuzun sıralarının müasir silahlarla təchizatı, zabit-gizir heyətinin daha müasir hərbi biliklərə sahib olması üçün, heç şübhəsiz ki, Ordunun maddi imkanlarının artırılması önəmli idi.
Prezident İlham Əliyev hakimiyyətə gəldiyi ilk vaxtlardan bu məsələyə həssaslıqla yanaşdı və Ali Baş Komandanı olduğu Silahlı Qüvvələrin müasir ordu quruculuğu yolunda çox önəmli addımlar atdı. Məhz dövlət başçımızın Azərbaycan Silahlı Qüvvələrinə hər il dövlət büdcəsindən ayrıdığı maliyyə nədənsə Ermənistan qədər Qərbin bəzi dairələrini də ciddi şəkildə narahat etməkdə idi. Hətta buna görə Prezident İlham Əliyevə istər okeanın o tayından, istərsə də Qərbdəki ermənipərəst dairələrdən təzyiqlər bir-birini əvəz edirdi.
Amma bu təzyiqlər Prezident İlham Əliyevin iradəsinə 44 günlük müharibə və ondan sonrakı postmünaqişə mərhələsində təsir edə bilmədiyi kimi, elə o zamanlar da təsir etməyi bacarmamışdı. Halbuki Azərbaycanın ərazisinin 20 faizi düşmən tapdağında olan, ərazilərin geri qaytarılması məsələsində heç cür ipə-sapa yatmayan Ermənistanın işğalı legitimləşdirməyə hesablanmış siyasi qərarları və atdığı addımlar Prezident İlham Əliyevin ordu quruculuğuna xüsusi önəm verməsinin nə qədər məntiqli və yerində atılmış addım olduğunu göstərirdi. Biz bunun məntiqi nəticəsini son olaraq məhz İkinci Qarabağ müharibəsi və ötən ilin 19-20 sentyabrında lokal antiterror tədbirləri zamanı əyani olaraq gördük.
Bəli, həqiqətdir ki, 2003-cü ildə Azərbaycanda siyasi hakimiyyətə gələn Prezident İlham Əliyev ordu quruculuğunu idarəçiliyin prioritet istiqaməti kimi saxlanılması müstəvisində ciddi və uzunmüddətli işlər görməyə başladı. Onu da etiraf etmək lazımdır ki, Prezident İlham Əliyevin Azərbaycanda hakimiyyətdə olduğu 20 il ərzində Azərbaycan Cənubi Qafqazda bütün parametrlər üzrə lider dövlətə çevrildiyi kimi, Ordu quruculuğu, müasir standartlara cavab verən Silahlı Qüvvələrin formalaşması istiqamətində də üstün tərəf kimi daim nəzərə çarpdı, bu gün də həmin proseslər sürətli şəkildə davam etdirilir.
Dövlətimizin başçısı İlham Əliyev ölkəmizin regional və beynəlxalq münasibətlərdə mövqeyini xeyli gücləndirdi. Heç şübhəsiz, bu nailiyyətlərin zirvəsində ordu quruculuğunun rasional şəkildə davam etdirilməsi dayanır və nəticədə Ermənistanın işğalçılıq siyasətinə son qoyulması Azərbaycan dövlətinin geridə qalan illərdə nə qədər doğru yolda olduğunu göstərmiş olur.
Ordu quruculuğunun prioritet istiqamət kimi saxlanılması və onun maddi-texniki bazasının, müdafiə sənaye kompleksinin yaradılmasına, inkişaf etdirilməsinə xüsusi önəm verən dövlət başçısı uzaqgörən siyasəti ilə dünyanın gözü qarşısında təsdiq etdi ki, Azərbaycan çox doğru yoldadır.
Son 20 ildə Azərbaycanın müdafiə xərclərinin artım dinamikasına nəzər salmaq bəs edir ki, bu sahəyə dövlət diqqətinin mahiyyətini dərk edəsən. Qeyd edilən illərdə Azərbaycanın hərbi büdcəsi 135 milyon ABŞ dollardan 5,3 milyard manat vəsaitədək yüksəlib. Bu, Azərbaycanın müstəqilliyini elan etdiyi 1991-ci ildən bəri ən böyük hərbi büdcədir.
2005-ci ildə yaradılan Müdafiə Sənayesi Nazirliyi Azərbaycan Ordusunun maddi-texniki bazasının möhkəmləndirilməsində, inkişafında və şaxələndirilməsində mühüm rol oynayıb. Həmin illərdən başlayaraq Azərbaycanın müdafiə büdcəsi neft gəlirləri hesabına kəskin şəkildə artıb, ordunun maddi-texniki bazası müasirləşdirilib, yeni silahlar alınıb, hərbi və hərbi-texniki əməkdaşlıqda şaxələndirmə həyata keçirilib, Silahlı Qüvvələrimiz NATO-nun çoxmillətli qüvvələri tərkibində 2008-ci ilədək Kosovoda və İraqda, 2021-ci ilin yayınadək Əfqanıstanda sülhməramlı əməliyyatlarda iştirak edib və öz beynəlxalq əməkdaşlığını genişləndirməyə müvəffəq olub. Bundan əlavə, 2012-ci ildən etibarən Azərbaycan ilə Türkiyə arasında ikitərəfli, 2013-cü ildən isə Azərbaycan, Türkiyə və Gürcüstan arasında üçtərəfli hərbi təlimlərin əsası qoyulub.
2009-2019-cu illərdə Azərbaycan hərbi ehtiyaclara 20 milyard dollar xərcləyib. Bir başqa mənbəyə əsasən 2010-2020-ci illər arasında Azərbaycan ordu quruculuğuna 24-42 milyard dollar xərcləyib. Göstərilən statistik faktlar ordu quruculuğuna olan dövlət diqqətinin əyani sübutu hesab edilir.
Ordu quruculuğunda nəzərəçarpacaq yeni proseslər son 3 ildə də xüsusilə diqqət mərkəzindədir. Artıq hər kəsə məlum olduğu kimi postmüharibə dövründə də Azərbaycan ordu quruculuğunu inkişaf etdirib və mini türk ordu modelinə keçib. Ölkəmizdə komando tipli hərbi hissələr yaradılıb. Ümumilikdə, İkinci Qarabağ müharibəsindən sonra 200-ə yaxın hərbi təyinatlı obyekt əsaslı təmir edilib və ya yenidən inşa olunub.
Ötən ilin sentyabrında Azərbaycanın apardığı lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkənin suverenliyinin tam bərpa olunması orduların beynəlxalq reytinqində Silahlı Qüvvələrimizin daha da irəliləməsinə zəmin yaratdı. İndi Azərbaycan Ordusu dünyanın ən güclüləri sırasında önəmli pillələrdə qərarlaşmağı bacarıb.
Son 20 ildə Prezident İlham Əliyevin ordu quruculuğu sahəsində həyata keçirdiyi sistemli fəaliyyətlər Azərbaycanın modern, yüksək təlim keçmiş, müasir müharibə tələblərinə yaxşı uyğunlaşmış güclü ordu yaratmağa nail olduğumuz nəticəsinə gəlməyə imkan verir. Ölkənin milli təhlükəsizliyinin və ərazi bütövlüyünün yüksək səviyyədə təmin edilməsi bu sadalananların ən böyük təsdiqidir.
Bu gün öz silah arsenalını mütəmadi olaraq yeni nümunələrlə zənginləşdirən Azərbaycan milli səviyyədə də müdafiə təyinatlı silahların istehsalına xüsusi önəm verir. Geridə qalan qələbələrlə zəngin 20 il dünyanın bir çox qaynar nöqtələrində siyasi proseslərin ədalətsiz hərbi münaqişələrlə, işğallarla nəticələndiyi bir vaxtda Azərbaycan dövlətinin, xalqının nə qədər doğru qərar verdiyini, düzgün istiqamət aldığını göstərir. Gündən-günə Azərbaycanın hərbi qüdrətinin və siyasi çəkisinin beynəlxalq aləmdə daha da artması bütün bu deyilənlərin real faktlara əsaslandığını sübut edir.
İstisna edilmir ki, bu gün Azərbaycanı gözü götürməyənlərin, ermənipərəst qüvvələrin ən böyük naahatlığı da məhz İlham Əliyev adı ilə bağlıdır. Çünki Azərbaycan məhz Prezident İlham Əliyevin rəhbərliyi, Ali Baş Komandanlığı altında öz ərazisini işğaldan azad edərək, tarixi Zəfərə imza atdı, Qarabağın hər qarışında bayrağımızı ucaltdı.