...

"Yeni Azərbaycan" qəzetinin son dövrlərdəki fəaliyyəti özümü də qane etmirdi"- sabiq baş redaktor

Cəmiyyət Materials 28 Fevral 2008 17:36 (UTC +04:00)
"Yeni Azərbaycan" qəzetinin son dövrlərdəki fəaliyyəti özümü də qane etmirdi"- sabiq baş redaktor

Azərbaycan, Bakı, 28 fevral/ Trend , müxbir İ.Əlizadə/ Sabiq baş redaktor "Yeni Azərbaycan" qəzetinin son dövrlərdəki fəaliyyətini qaneedici saymır. "Son zamanlar qəzetin fəaliyyəti mənim özümü də qane etmirdi. Bunun da səbəbləri var. Lakin bu səbəblər haqqında geniş danışmaq istəmirəm. Səbəblər arasında məndən asılı olan və olmayanları vardı. Lakin mən əlimdən gələni etməyə çalışırdım", -deyə cümə axşamı Azərbaycanın hakim Yeni Azərbaycan Partiyasının (YAP) rəsmi mətbuat orqanı olan "Yeni Azərbaycan" qəzetinin baş redaktoru vəzifəsindən uzaqlaşdırılan Alqış Həsənoğlu bildirib.

YAP-ın İdarə Heyətinin cümə axşamı keçirilən iclasında "Yeni Azərbaycan" qəzetinin fəaliyyəti təhlil edilib. Müzakirələr zamanı yekdil qərara gəlinib ki, Alqış Həsənoğlunun qəzetin baş redaktoru kimi fəaliyyəti qeyri-qənaətbəxşdir. Ona görə də Həsənoğlunun tutduğu vəzifədən azad edilməsi barədə qərar çıxarılıb.

"Mən İdarə Heyətinin qərarını normal qarşılayıram. Qəzeti YAP təsis edib və partiyanın mətbuat orqanıdır. Ona görə də, onların qəzetin baş redaktorunu dəyişmək hüquqları var. Qərara hörmətlə yanaşıram", -deyə Həsənoğlu əlavə edib.

YAP Siyasi Şurasının üzvü olan sabiq baş redaktor bildirib ki, vəzifədən çıxarılması siyasi mənsubiyyətinə təsir göstərməyəcək: "Mən Heydər Əliyevçiyəm, prezident İlham Əliyevin siyasətini dəstəkləyirəm. Mənim YAP sıralarnı tərk etmək niyyətim yoxdur və bu mümkün deyil".

Həsənoğlu bundan sonra necə fəaliyyət göstərəcəyinə dair qərar vermədiyini açıqlayıb: "Vəzifə hər şey demək deyil. Əsas çan sağılığıdır. Bu olandan sonra digər məsələləri həll etmək olar".

"Yeni Azərbaycan" qəzeti hakim Yeni Azərbaycan Partiyasının mətbu orqanıdır.

Alqış Həsənoğlu 2000-2005-ci illərdə Milli Məclisin deputatı ,11 il "Yeni Azərbaycan" qəzetinin baş redaktoru olub.  

Xəbər lenti

Xəbər lenti