Bakı. Trend:
“Dövlət rüsumlarının elektron idarə edilməsi (e-rüsum)” informasiya sistemi haqqında Əsasnamə” təsdiq edilib.
Trend xəbər verir ki, bu barədə müvafiq qərarı Baş nazir Əli Əsədov imzalayıb.
Sənədə əsasən, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi “Dövlət rüsumlarının elektron idarə edilməsi (e-rüsum)” informasiya sisteminin (bundan sonra - Sistem) funksionallığının təmin edilməsi, formalaşdırılması, aparılması, həmçinin fəaliyyətinin təşkili və inkişaf etdirilməsi üçün tədbirlər görməlidir.
Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə birlikdə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 3 iyun tarixli 718 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Hökumət buludu” (G-cloud) Konsepsiyası”na uyğun olaraq Sistemin “Hökumət buludu”nda yerləşdirilməsini təmin etməlidir.
Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti bu Qərar nəzərə alınmaqla, “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanının tələblərindən irəli gələn tədbirlərin həyata keçirilməsini təmin etməlidirlər.