Bakı. Trend:
Türkiyənin Bursa və Amasya vilayətlərində meşə yanğınları baş verib.
Trend Türkiyə KİV-ə istinadən xəbər verir ki, yanğınlardan biri Bursa vilayətinin Yenişehir rayonunda qeydə alınıb. Hadisə ilə əlaqədar Bursa–Yenişehir yolu bağlanıb. Alovun söndürülməsinə havadan və qurudan müdaxilə olunur.
Digər yanğın isə Amasya vilayətində müşahidə olunur. Əraziyə təcili tibbi yardım əməkdaşları və yanğınsöndürənlər cəlb edilib. Yanğının söndürülməsinə bir helikopter, 12 su maşını və 190 nəfərlik şəxsi heyət iştirak edir.
Hazırda yanğınların səbəbi məlum deyil.