Bakı. Trend:
ABŞ prezidenti Donald Tramp Minneapolis şəhərindəki (Minnesota ştatı) katolik məktəbində atışma nəticəsində həlak olanların xatirəsinə ölkədə və xaricdə dövlət binalarında bayraqların yarıya endirilməsi barədə göstəriş verib.
Trend-in məlumatına görə, bu barədə ABŞ prezidentinin sərəncamında bildirilib.
"27 avqust 2025-ci ildə Minneapolisdə, Minnesota ştatında törədilmiş mənasız zorakılıq aktlarının qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq, 31 avqust 2025-ci il tarixində gün batana qədər ABŞ bayrağının Ağ Evdə və bütün hökumət binalarında və ərazilərində yarıya qədər endirilməsini əmr edirəm", - deyə qeyd olunub.
Sənədin mətnində deyilir ki, sərəncam hərbi postlara, hərbi-dəniz bazalarına və gəmilərə, habelə ABŞ-ın xaricdəki səfirliklərinə, konsulluq idarələrinə və digər nümayəndəliklərinə də şamil edilir.