Bakı. Trend:
Hollandiyanın ən böyük poçt operatoru "PostNL", ABŞ-də yeni gömrük qaydalarının qüvvəyə minməsi səbəbindən Birləşmiş Ştatlara bağlama daşımalarını müvəqqəti dayandırıb.
Trend xəbər verir ki, avqustun 29-dan tətbiq edilən dəyişikliklər 800 dollara qədər olan mallar üçün əvvəl mövcud olan rüsumsuz həddi ləğv edib. Yeni qaydaya əsasən, ABŞ-yə daxil olan hər bir paketdən idxal rüsumu tutulacaq.
“Bu dəyişiklik o deməkdir ki, ABŞ Poçt Xidməti avqustun 29-dan etibarən bağlamaları emal edə və ya buraxa bilməyəcək”, – "PostNL" açıqlamasında bildirib.
Şirkət qeyd edib ki, ABŞ gömrüyü hələlik yeni prosedurun necə tətbiq olunacağı barədə açıqlama verməyib. Buna görə də PostNL avqustun 23-dən etibarən bağlamaların göndərilməsini dayandırıb.
Eyni zamanda, məktublar və sənədlərin göndərilməsi adi qaydada davam edir. Poçt operatoru ABŞ-yə çatdırılmanın alternativ üsullarını araşdırdığını da vurğulayıb.