Bakı. Trend:
Bir gündə üç doğuş prosesi təcili tibbi yardım avtomobilində icra olunub.
Bu barədə Trend-ə TƏBİB-dən bildirilib.
Bildirilib ki, 25.08.2025-ci il tarixində saat 23:50 radələrində
Bakı şəhərinin Sabunçu rayonundan, 26.08.2025-ci il tarixində saat
02:50 radələrində Xəzər rayonundan, 26.08.2025-ci il tarixində saat
06:00 radələrində isə Quba rayonunun Qalayxudat kəndi ərazisindən
doğuş prosesi ilə bağlı Respublika Təcili və Təxirəsalınmaz Tibbi
Yardım Mərkəzinə çağırış daxil olub.
Hər üç ünvana təcili tibbi yardım briqadası cəlb olunub və tibb müəssisələrinə hospitalizasiya zamanı hamilələrin doğuş prosesi başlayıb. Həkim briqadaları tərəfindən operativ və peşəkar tibbi müdaxilə ilə, doğuş prosesi elə təcili tibbi yardım avtomobillərində qüsursuz şəkildə idarə olunub.
Təcili tibbi yardım briqadaları tərəfindən 2 zahı qadın və yenidoğulmuşları Sabunçu Tibb Mərkəzinin Doğum şöbəsinə, 1 zahı qadın və yenidoğulmuşu isə Quba Rayon Mərkəzi Xəstəxanasının nəzdində olan Quba Perinatal Mərkəzə hospitalizasiya olunublar.
Hazırda müvafiq şöbələrdə anaların və körpələrin müalicələri davam etdirilir, vəziyyətləri stabildir.