Bakı. Trend:
Bu ilin yanvar-iyul aylarında Azərbaycanla İran İslam Respublikası arasında ticarət əməliyyatlarının həcmi 353,4 milyon ABŞ dolları təşkil edib.
Bu barədə Trend Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.
Məlumata görə, bu, 2024-cü ilin eyni aylarındakı göstərici ilə müqayisədə 6,3 milyon ABŞ dolları və ya 1,8% çoxdur.
Hesabat dövründə İran ilə ticarət əməliyyatları Azərbaycanın ümumi ticarət dövriyyəsinin 1,22%-i həcmində olub.
Cari ilin yanvar-iyul aylarında Azərbaycandan İrana 6,9 milyon dollarlıq məhsul ixracı qeydə alınıb. Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 798 min ABŞ dolları və ya 10,4% azdır.
Eyni zamanda, 2025-ci ilin yanvar-iyul aylarında İrandan Azərbaycana 346,5 milyon ABŞ dolları dəyərində idxal əməliyyatları icra olunub ki, bu da illik müqayisədə 7,1 milyon ABŞ dolları və ya 2,1% artım deməkdir.
Qeyd edək ki, 2025-ci ilin yanvar-iyul aylarında Azərbaycan xarici ölkələrlə 28,8 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 7,25% çoxdur.
Xarici ticarət dövriyyəsinin 15,2 milyard ABŞ dolları ixracın, 13,6 milyard ABŞ dolları isə idxalın payına düşüb. Beləliklə, illik ifadədə ixrac 5,4% azalıb, idxal isə 26,1% artıb.
Yekunda xarici ticarətdə 1,6 milyard dollarlıq müsbət saldo yaranıb ki, bu da illik müqayisədə 3,3 dəfə azalma deməkdir.