Bakı. Trend:
Cadillac 2026-cı ildə ilk dəfə Formula 1 çempionatında iştirak edəcək heyətini açıqladı.
Trend xəbər verir ki, komanda təcrübəli pilotlar, çoxsaylı Qran Pri qalibləri Serxio Peres və Valtteri Bottas ilə müqavilə bağladığını rəsmi olaraq elan edib.
Onlar birlikdə 527 Qran Priyə qatılıb və 16 qələbə qazanıblar. Bu da onları çempionatın ən təcrübəli duetlərindən birinə çevirir.
Qeyd edək ki, Serxio Peres Azərbaycan Qran Prisinin ikiqat qalibidir. O, Red Bull Honda heyətində 2021 və 2023-cü illərdə Bakıda qalib gəlib. Valtteri Bottas isə 2019-cu ildə Mersedes komandasının tərkibində Azərbaycan Qran Prisinin qalibi olub.
Cadillac 2026-cı ildən etibarən Formula 1 dünya çempionatının 11-ci rəsmi iştirakçısı olacaq.
Azərbaycan Qran Prisi 2026-cı ildə 24–26 sentyabr tarixlərində keçiriləcək.