Bakı. Trend:
Rusiyalı alpinist Natalya Naqovitsina Qırğızıstanda 7,437 metr yüksəklikdə olan qarlı zirvədə qapalı vəziyyətdə qalıb. Xilasetmə işləri kəskin hava şəraitinə görə dayandırıldıqdan sonra onun oğlu dron görüntülərini paylaşıb və kömək üçün müraciət edib.
Trend xarici mediaya istinadla xəbər verir ki, çərşənbə axşamı 47 yaşlı alpinistin oğlu Qırğızıstanda “Qələbə” zirvəsində qapalı qalan qadının drona əl yelləyərkən çəkilən görüntüləri paylaşıb.
O, Rusiya Xarici İşlər Nazirliyini xilasetmə işlərinə kömək etməyə çağırıb.
Məlumata görə, Naqovitsina avqustun 12-də 7,439 metr hündürlüyündə olan “Qələbə” zirvəsinə qalxmağa cəhd edərkən ayağını sındırıb. Çoxsaylı xilasetmə cəhdlərinə baxmayaraq, o, hələ də tapılmayıb. Rəfiqəsi isə onun öldüyünü iddia edib və xilasediciləri cəsədi tapmaq üçün daha bir əməliyyat həyata keçirməyə çağırıb.
Axtarış-xilasetmə əməliyyatı cümə günü dayandırılıb və çərşənbə axşamına planlaşdırılan son xilasetmə işləri əlverişsiz hava şəraiti səbəbindən ləğv edilib. Alpinist mənfi 30 dərəcə Selsi dondurucu temperaturda qalıb.
Medianın məlumatına görə, axtarışlar dayandırıldıqdan və xilasedici helikopterlər bazaya qayıtdıqdan sonra səlahiyyətlilər Naqovitsinanın cəsədinin yaza qədər çıxarılmayacağını bildiriblər.