Bakı. Trend:
İsrailin müdafiə naziri İsrael Katz İrana endirilən zərbə nəticəsində İranın İnqilab Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələrinin komandiri kontr-admiral Əlirza Təngsirinin öldürüldüyünü təsdiqləyib.
Trend bu barədə “Times of Israel”ə istinadən xəbər verir.
“İsrail Müdafiə Qüvvələri (IDF) Hörmüz boğazının gəmiçilik hərəkətinə qarşı minalanması və bloklaması üzrə terror əməliyyatına birbaşa cavabdeh olan şəxsi, İslam İnqilabı Keşikçiləri Korpusu Hərbi Dəniz Qüvvələri komandanını zərərsizləşdirib”, - İsrail Katz bu səhər hərbi rəsmilərlə keçirdiyi iclas zamanı bildirib.
Katz zərbənin SEPAH-a “mesaj” olduğunu qeyd edib: “IDF sizi bir-bir izləyəcək və zərərsizləşdirəcək”.
xxx
12:37
İsrailin Bəndər-Abbasa endirdiyi hava zərbəsi nəticəsində İranın İnqilab Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələrinin komandiri kontr-admiral Əlirza Təngsiri öldürülüb.
Trend xəbər verir ki, bu barədə “Times of Israel” israilli rəsmiyə istinadən məlumat yayıb.
Məlumata görə, Təngsiri Hörmüz boğazının gəmi ilə yükdaşımaları üçün bloklanmasında əsas məsul şəxs olub.
Qeyd edək ki, ABŞ və İran arasında nüvə proqramı ilə bağlı danışıqlarda konkret razılaşma əldə olunmadığına görə, 28 fevraldan etibarən ABŞ və İsrail İrana hərbi hava hücumlarına başlayıb. Buna cavab olaraq İran da həmin gündən etibarən İsrailə və ABŞ-nin region ölkələrindəki hərbi obyektlərinə raket və dronlarla hücum edib.
İrana hərbi hava hücumlarının ilk günündə İranın Ali Lideri Ayətullah Seyid Əli Xamenei, bir sıra yüksək vəzifəli hərbçilər ölüb. 8 martda İranın Ekspertlər Məclisi səsçoxluğu ilə Ayətullah Seyid Əli Xameneinin oğlu Seyid Muctaba Xameneini İranın 3-cü Ali Lideri seçib.
İrana hərbi hava hücumları nəticəsində İran Ordusunun Baş Qərargah rəisi general-mayor Əbdülrəhim Musəvi, İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) baş komandanı Məhəmməd Pakpur, Ali Liderinin müşaviri və Müdafiə Şurasının katibi Əli Şəmxani, müdafiə naziri Əziz Nəsirzadə, kəşfiyyat naziri İsmayıl Xətib, Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani, Bəsic Təşkilatının komandiri Qulamreza Süleymani və başqaları hərbi hava hücumları zamanı ölüblər.
1-5 mart tarixlərində qarşıdurma daha da genişlənərək Yaxın Şərqin müxtəlif ölkələrini əhatə edib.
Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniz nəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafında təhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətləri kəskin artıb və bir sıra ölkələr vətəndaşlarını regionu tərk etməyə çağırıb.
