Bakı.Trend:
“Baku Network” analitik mərkəzinin Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Hibrid və ideoloji təhdidlərin təhlili” layihəsi üzrə növbəti tədbir baş tutub.
Trend xəbər verir ki, toplantıda “Baku Network”ün rəhbər şəxsləri və ekspert üzvləri iştirak ediblər.
Tədbir jurnalist Elnur Ənvəroğlunun moderatorluğu ilə baş tutub. Moderatorun sözlərinə görə, hibrid müharibələr xüsusilə Azərbaycanın qələbəsindən sonra bəzi ölkələr tərəfindən artmağa başlanıb:
“Belə mübarizələrin ən çox yayılanları kiberhucumlar və dezinformasiyalarla bağlıdır. Bu sahədə mediamız tərəfindən bir çox addımlar atılır, belə hallar işıqlandırılır”.
Mərkəzin direktoru Elçin Ağacanov vurğulayıb ki, layihəyə müxtəlif ekspertlərin cəlb olunması prosesin birgə fəaliyyət üzərində qurulmasına xidmət edir:
"Bu gün Azərbaycanın qarşısında duran ən böyük vəzifələrdən biri beynəlxalq müstəvidə sözünü demək, haqq səsini çatdırmaq, milli maraqları qorumaqdır. Sadəcə ölkə daxilində tədbirlər keçirmək, müzakirələr aparmaqla kifayətlənmək olmaz. Azərbaycan həqiqətləri beynəlxalq tribunalarda səslənməli, Avropa diplomatiyasında, dünya mediasında, beynəlxalq ekspert dairələrində işıqlandırılmalıdır. Əgər bu həqiqətlər orada istinad mənbəyinə çevrilmirsə, deməli, hələ görüləcək çox iş var.
Müasir dövrdə hər bir sahənin öz ekspertizasına, öz metodologiyasına ehtiyac var. Kimisi beynəlxalq hüquqdan çıxış edir, kimisi informasiya texnologiyalarında təcrübə toplayıb, kimisi politologiyada, kimisi isə strateji kommunikasiya sahəsində mütəxəssisdir. Onların hamısının bilik və bacarıqları birləşəndə ümumi işin nəticəsi də daha güclü olur.
Çünki bir millətin müdafiəsi yalnız silahla deyil, sözlə, ideya ilə, arqumentlə, faktlarla həyata keçirilir.
“Biz birlikdə daha güclüyük” - bu sadəcə şüar deyil, praktik fəaliyyətin fəlsəfəsidir. Çünki bir nəfərin səsi lokal ola bilər, amma onlarla, yüzlərlə ekspertin səsi beynəlxalq müstəviyə yayıldıqda artıq bu, qüvvəyə çevrilir. Məhz bu birliyin nəticəsidir ki, Azərbaycan informasiya blokadasını yararaq, haqq işini dünyaya qəbul etdirə bilib. Bu, təkcə diplomatiyanın uğuru deyil, həm də vətəndaş cəmiyyətinin, ekspertlərin və ziyalıların sistemli fəaliyyətinin nəticəsidir.
Ən əsası isə bu mübarizə yalnız bu gün üçün deyil, gələcək nəsillər üçün aparılır. Dövlətin təhlükəsizliyini təmin etmək, gələcək nəsillərə güclü, müstəqil və nüfuzlu Azərbaycan ötürmək hər birimizin borcudur. Bu missiya isə yalnız birlikdə mümkün ola bilər - fərqli sahələrin peşəkarlarının birgə gücü, sinxron fəaliyyəti, ortaq amal naminə əməkdaşlığı ilə".
“Trend” Beynəlxalq İnformasiya Agentliyinin direktor müavini, “Baku Network”ün layihə direktoru Sahil Kərimli isə çıxışında qeyd edib ki, mərkəzin imkanları kifayət qədər genişdir:
“Əsas məsələ resursların düzgün istiqamətə yönəldilməsidir. Bugünkü tədbirimizin mövzusu hibrid və ideoloji təhlükələrdir. Azərbaycana qarşı bu tip təhdidlər işğal dövründə də, müharibə zamanı da, indi də mövcuddur və gələcəkdə də davam edəcək. Bu təhdidlər, əsasən, cəmiyyətin bütün nəsillərinə, xüsusilə gənclərə və həssas təbəqələrə yönəlib. Ona görə də daha çox müdafiəyə yox, hücuma fokuslanmalıyıq. Yalnız təşkilatlanmaqla bu ideoloji hücumlara qarşı effektli mübarizə aparmaq mümkündür”.
Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Xəyal Bəşirov çıxışında hibrid müharibələrin Azərbaycan üçün ən ciddi çağırışlardan biri olduğunu diqqətə çatdırıb:
“İşğal dövründə ölkəmiz informasiya blokadasında saxlanılırdı, nəticədə dünyanın əksəriyyəti kimin torpaqlarının işğal olunduğunu belə bilmirdi. Hibrid müharibələr klassik hərbi müharibədən qat-qat təhlükəlidir. Təhlükənin mənbəyi hər hansı bir ölkə ola bilər. Təəssüf ki, bu sahədə QHT-lərin fəaliyyəti hələ zəifdir”.
Siyasi şərhçi Turab Rzayev bildirib ki, müxtəlif bacarıq və düşüncəyə malik şəxslərin ortaq amal uğrunda bir araya gəlməsi mühüm hadisədir:
“Əsas məsələ bütün fikirlərin eyni olması deyil, bu fikirlərin hansı amal naminə səsləndirilməsidir. Bizim amalımız daha inkişaf etmiş, təhlükəsiz dövlətdə yaşamaq və bu ölkəni gələcək nəsillərə əminliklə ötürməkdir. Bu məqsədə yalnız birgə fəaliyyətlə nail ola bilərik. Dünya xalqları yüzillərlə davam edən inam əsasında möhkəmlənib. Biz də öz rolumuzu dəqiq müəyyənləşdirməli və imkanlarımızı maksimum səfərbər etməliyik”.
Politoloq Samir Hümmətov isə koordinasiyanın zəruriliyini xüsusi qeyd edib:
“Bəzən kiçik görünən məsələlərə səthi yanaşırıq. Amma bu cür problemlər həll olunmadıqca böyüyür və daha ciddi təhlükəyə çevrilir. Bu gün inkişaf etmiş ölkələrdə yalnız sənaye deyil, ağıl və texnologiya da ön plandadır. Dünyada yəhudilər ən ağıllı xalqlardan hesab olunur - onlar düşünür, istehsal edir və nəticə ortaya qoyurlar. Ayrılıqda hər birimiz iş görə bilərik, amma birlikdə daha böyük effekt əldə edə bilərik”.
Qeyd edək ki, “Baku Network” 2025-ci ilin may–avqust ayları ərzində “Azərbaycana qarşı hibrid və ideoloji təhdidlərin təhlili” layihəsini icra edir. Layihəyə dövlət qurumlarının dəstəyi ilə beynəlxalq ekspertlər və analitiklər cəlb olunub.
Layihənin əsas məqsədi Azərbaycan suverenliyinə, beynəlxalq reputasiyasına və strateji maraqlarına qarşı yönəlmiş informasiya-psixoloji hücumların - media kampaniyalar, dezinformasiya, ideoloji təsirlər və digər təhdidlərin - mənbələrini aşkar etmək, onların qarşısında sistemli yanaşma ilə effektiv mübarizə aparmaqdır.