Bakı. Trend:
8 avqustda imzalanmış Vaşinqton Bəyannaməsi sadəcə növbəti diplomatik addım deyil, region siyasətində sistemli dönüş nöqtəsi oldu. Bu hadisə Cənubi Qafqaz üçün təhlükəsizlik modelinin dəyişdiyini və uzun müddət davam edən qeyri-müəyyənlik vəziyyətindən çıxışı təsdiqlədi. Əgər üç onillik ərzində Ermənistan öz kimliyini və xarici siyasətini Azərbaycanın əleyhinə qarşıdurma ideyası üzərində qururdusa, indi İrəvan bu kursun məhdudiyyətlərini etiraf etməyə məcburdur.
Söhbət taktiki düzəlişdən deyil, bütün siyasi paradiqmanın dərin transformasiyasından gedir. Bəyannamə yeni oyun qaydalarının institusionallaşdırılması prosesini açdı. Bu qaydalar çərçivəsində hərbi üstünlük və separatçı layihələr artıq təsir aləti deyil. Öz torpaqlarına nəzarəti bərpa etmiş Azərbaycan üçün bu, faktiki olaraq formalaşmış vəziyyətin beynəlxalq hüquqi müstəvidə möhkəmlənməsidir. Ermənistan üçün isə bu, dövlətçiliyin 1990-cı illərin əvvəlindən üzərində dayandığı ideoloji əsasları yenidən nəzərdən keçirmək zərurətidir.
Ermənistanın baş naziri Nikol Paşinyanın son açıqlamaları könüllü dərk yox, baş vermiş faktı məcburi qəbulun simptomu idi. Onun cəmiyyətə ünvanladığı “sülh və ya sülhsüzlük” dilemması gizli ultimatum elementləri daşıyırdı. Əslində, baş nazir açıq bildirirdi: Azərbaycanla sülh müqaviləsinin şərtlərinin qəbulu strateji təcrid və yeni münaqişələrin qarşısını almağın yeganə alternatividir.
Paşinyanın onilliklər boyu romantikləşdirilmiş mübarizə simvolu kimi təqdim edilən “Qarabağ hərəkatı”nın ləğv edilməsinin vacibliyini etiraf etməsi xüsusi əhəmiyyət kəsb edirdi. Elmi baxımdan bu, Ermənistan siyasətinin ideoloji sementi olmuş mifoloji narrativin sökülməsi kimi qiymətləndirilə bilər. Həmin narrativ təkcə legitimliyini itirmədi, həm də destruksiyanın mənbəyinə çevrildi, 2020-ci ildə hərbi məğlubiyyətə, 2023-cü ildə isə fəlakətli nəticələrə gətirib çıxardı.
Paşinyanın “Ermənistan vətəndaşları inqilab etməyib” ifadəsi konsensusun yox, siyasi subyektliyin dərin böhranının göstəricisidir. Ermənistan cəmiyyəti demoralizasiya və tükənmə əlamətləri göstərir. Azərbaycanla uzunmüddətli münaqişə iqtisadiyyatın xroniki durğunluğu ilə müşayiət olunub: 2023-cü ildə ÜDM artımı 1,5%-dən aşağı idi, illik miqrasiya isə yenidən 50 min nəfəri keçdi. Xarici borcun ÜDM-də payı 63%-ə yaxınlaşdı ki, bu da manevr imkanlarını kəskin məhdudlaşdırır.
2024-cü ilin sonundakı sorğular paradoksal mənzərəni üzə çıxardı: Paşinyana etimadın azalmasına baxmayaraq, onun reytinqi hələ də müxalifətdən yüksəkdir. Bunun səbəbi struktur vakuumunda yatır - müxalif qüvvələr nə modernləşmə üçün alternativ layihə, nə də Azərbaycanla real sülh yanaşması təklif edə bilir. Bu faktor siyasi inersiyanı izah edir: elektorat mövcud hakimiyyəti real populyarlığa görə deyil, daha çox “ən az ziyan” prinsipinə görə dəstəkləməyə davam edir.
2025-ci ilin avqust hadisələri fundamental keçidi təsbit edir: münaqişə ideologiyasından sülhə məcburiyyətə. Vaşinqton Bəyannaməsi təkcə danışıqlar prosesinin çərçivəsi yox, həm də yeni regional memarlığın başlanğıc nöqtəsi oldu. Bu memarlıqda Azərbaycan mərkəzi aktora çevrilir. Ərazi mübahisəsini siyasi alətə çevirməklə gündəmi diktə etmək imkanını itirmiş Ermənistan isə yeni modelə uyğunlaşmaq məcburiyyətindədir - elə bir modelə ki, burada siyasi resurs tarixi miflərlə deyil, iqtisadi inteqrasiya və institusional modernləşmə qabiliyyəti ilə müəyyən edilir.
Nikol Paşinyanın Ermənistanda siyasi nəzarəti qoruyub saxlaması təkcə müxalifət qüvvələrinin zəifliyi ilə deyil, həm də ölkənin institusional arxitekturasının xüsusiyyətləri ilə bağlıdır. Serj Sarqsyan dövründə təsbit edilmiş seçki qanunvericiliyi mandat bölgüsü sistemini nəzərdə tutur ki, burada nisbətən çox səs toplamış partiya sabit parlament çoxluğu formalaşdıra bilir. Nəticədə “gücləndirilmiş disproporisiya” fenomeni ortaya çıxır: 45–50% seçici dəstəyi parlamentdə 60–65% nəzarətə çevrilir. Bu disbalans hakimiyyət dəyişikliyinin demokratik mexanizmlərinin effektivliyini azaldır və iqtidara qarşı koalision təzyiq imkanlarını minimuma endirir.
Müxalifət, o cümlədən, “Qarabağ klanı” və keçmiş hakimiyyətlə assosiasiya olunan partiyalar həssas vəziyyətdə qalır. Onların etiraz potensialı məhduddur, çünki sosial bazaları daralır. İrəvanda kütləvi etiraz səfərbərliyi müşahidə olunmur: küçə aksiyaları lokal xarakter daşıyır və əsasən münaqişədən ən çox zərər çəkmiş qrup olan Qarabağdan gələnlər tərəfindən təşkil olunur. Bu çıxışlar strukturlaşmış siyasi çağırışdan daha çox kollektiv məyusluq və marginalizasiya hissinin ifadəsi kimi görünür. Son illərin sorğularına görə, Ermənistan əhalisinin 60%-dən çoxu keçmiş elitaların hakimiyyətə dönüşünü qəbulolunan alternativ kimi görmür.
Belə vəziyyət Paşinyan hökuməti üçün “imkan pəncərəsi” açır. Güclü daxili təzyiqin olmaması hakimiyyətə daxili elektorat baxımından populyar olmayan, lakin xarici siyasətin və təhlükəsizliyin praqmatik tələblərinə cavab verən qərarlar qəbul etməyə imkan yaradır. Xüsusilə söhbət Azərbaycana qarşı revanşist yanaşmalardan imtina tələb edən sülh prosesindən gedir. Küçə təzyiqinin azalması və müxalifətin məhdud resursları İrəvana strategiyanı korrektə etmək imkanı verir, özü də dərhal daxili destabilizasiya riski olmadan.
Bu transformasiyanın əsas amili Rusiyanın təsirinin zəifləməsi oldu. Üç onillik ərzində Moskva Ermənistan üçün təhlükəsizlik təminatçısı kimi çıxış edib, ölkədə hərbi mövcudluğunu qoruyub saxlayıb və regiondakı qüvvələr balansını nəzarətdə saxlayıb. Lakin Rusiyanın Ermənistanın hərbi məğlubiyyətlərinin qarşısını ala bilməməsi və müttəfiqlik öhdəliklərini təmin etməməsi həm cəmiyyətdə, həm də elitalar arasında inamı sarsıtdı.
Regional araşdırmaların məlumatına görə, Ermənistanda Rusiyaya ictimai etimad 2020–2024-cü illər ərzində təxminən 40% azalıb. Paşinyanın “Vaşinqton Bəyannaməsi”ndə ifadə olunan xarici siyasət kursu ölkənin təhlükəsizliyini yeni mənbələrə - ABŞ-yə, Avropa İttifaqına və perspektivdə NATO-ya yönəltmək cəhdini göstərir. Bu sənəd sadəcə diplomatik akt deyil, həm də onilliklər boyu Rusiyanın status-kvonu qoruduğu xarici siyasət matrisinin yenidən nəzərdən keçirilməsinin rəmzinə çevrildi.
Rusiyanın təsirinin eroziyası Ermənistanın daxili siyasəti üçün birbaşa nəticələr doğurur. Ən əvvəl, bu, ənənəvi olaraq revanşist meyillərin təminatı kimi “şimal faktoruna” istinad edən müxalifətin resurslarını zəiflədir. Moskvanın rolunun azalması və antirusiya əhval-ruhiyyəsinin artması şəraitində onların elektoratı səfərbər etmək imkanları daha da məhdudlaşır.
Yeni regional konfiqurasiya formalaşır. Bu şəraitdə Bakı və İrəvan birbaşa danışıqlar aparmaq üçün daha geniş imkan qazanır. Keçmişdə münaqişəni nəzarət aləti kimi saxlamaqda maraqlı olan Rusiyanın təzyiqinin olmaması sülh prosesinin sürətlənməsi ehtimalını artırır.
Beynəlxalq müqavilələrdən danışarkən çox vaxt diqqət yalnız formal sənədlərə, diplomatik mətnlərə və onların icra mexanizmlərinə yönəlir. Halbuki münaqişələrin öyrənilməsi üzrə elmi praktika - Con Qaltunqdan Barri Buzana qədər - göstərir ki, sülhün real dayanıqlığı təkcə hüquqi konstruksiyadan yox, həm də cəmiyyətin müharibə vəziyyətindən sülh vəziyyətinə psixoloji keçidi bacarmasından asılıdır.
Bosniya, Ruanda və ya Şimali İrlandiya kimi etnokonfliktlərin təcrübəsi sübut edir: hətta sülh sazişləri imzalandıqdan sonra da sosial toxuma müqavimət göstərməyə davam edir. Kollektiv miflər, travmatik yaddaş, milli narrativlər - bütün bunlar konfliktologiyada “müharibə mədəniyyətinin inersiyası” adlanan fenomeni yaradır. Məhz bu aspekt bu gün Ermənistan üçün Azərbaycanla sülh prosesində ən böyük çağırışdır.
Ermənistanın baş naziri Nikol Paşinyan son açıqlamalarında “`Qarabağ hərəkatına son qoymaq” zərurətini vurğuladı. Bu sözləri mental rekonstruksiya elementi kimi - onilliklər boyu “Qarabağ uğrunda mübarizə” mobilizasiya mifini dəstəkləmiş ideoloji karkasın sökülməsi cəhdi kimi qiymətləndirmək olar. Maraqlıdır ki, Paşinyanın özü həmin mifi “Ermənistanın suverenliyini, dövlətçiliyini və müstəqilliyini sarsıdan rahat qaldırac” adlandırdı.
Əslində bu, Qarabağ mövzusunun uzun illər erməni elitaları tərəfindən milli təhlükəsizlik məsələsi kimi yox, daxili siyasi konsolidasiyanın aləti kimi istifadə edildiyinin etirafıdır. Bənzər mexanizmləri biz digər postmünaqişə cəmiyyətlərində də görmüşük - Miloşeviç dövrünün Serbiyasından tutmuş 1990-cı illərin əvvəllərinin Xorvatiyasına qədər, burada etnopolitik narrativlər cəmiyyət üzərində nəzarətin rıçağı rolunu oynayırdı.
Fəqət “yeni siyasətin” memarı belə köhnə təsəvvürlərin girovu olaraq qalır. Paşinyanın ermənilərin Qarabağa qayıdışının mümkünsüzlüyü ilə bağlı bəyanatları və yaxud Azərbaycanın penitensiar sisteminin guya qərəzli xarakter daşıması barədə iddiaları qalıq kognitiv deformasiyanın mövcudluğunu göstərir. Bu, prosesin mürəkkəbliyini əks etdirir: lider siyasi kursun modernləşməsini elan edə bilər, amma onun reallığı qavrayışı hələ tam şəkildə postmünaqişə məntiqi ilə sinxronlaşmayıb.
Bu daxili ziddiyyətlər dialoqu ciddi şəkildə ləngidir. Çünki müqavilə mətni özü-özlüyündə onun icrasına təminat vermir - ictimai şüurun transformasiyası olmadan istənilən sülh aktı həssas qalır. Bu mənada dayanıqlı sülhün əsas şərti Ermənistan cəmiyyətində yeni reallığı qəbul etməyə psixoloji hazırlığın formalaşmasıdır. Bu reallıq isə Qarabağın Azərbaycanın tanınmış hissəsi olması və keçmiş düşmənlərin regionun qonşuları kimi qəbul edilməsidir.
Vaşinqton Bəyannaməsi başlanğıc nöqtəsi kimi qəbul edilə bilər, lakin heç bir halda prosesin son mərhələsi deyil. Beynəlxalq sazişlərin tarixi göstərir ki, sərhədlərin hüquqi təsbiti yalnız başlanğıcdır. Məsələn, Misir və İsrail arasında 1979-cu ildə imzalanmış sülh müqaviləsi zamanı real barış onilliklər çəkdi və geniş sosial-mədəni proqramlarla müşayiət olundu.
Ermənistan üçün destruktiv ideologiyadan imtina təkcə xarici siyasət məsələsi deyil, həm də dövlətin daxili konsolidasiyası məsələsidir. Köhnə miflərin saxlanması siyasi parçalanma və institusional zəifliyin dərinləşməsi riskini daşıyır. Əgər cəmiyyət münaqişədən milli ideya kimi imtina etmək kimi çətin, amma zəruri prosesi keçə bilsə, Ermənistan dövlətçiliyi uzunmüddətli dayanıqlılıq şansı qazana bilər.
Ərazi bütövlüyünü bərpa etmiş Azərbaycan bu gün sabitlik faktoru rolunu oynayır. Onun marağında strateji dözümlülük nümayiş etdirmək, erməni ictimai şüurunda yeni travmalara səbəb ola biləcək addımlardan çəkinmək dayanır. Söhbət mürəkkəb balansdan gedir: bir tərəfdən, suveren mövqeyini qətiyyətlə müdafiə etmək, digər tərəfdən isə normallaşma prosesini institusional dəstək ilə müşayiət etməyə hazır olmaq.
Beləliklə, Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi nə “qələbə”, nə də “kapitulyasiya”dır. Bu, yeni geosiyasi reallığın məcburi tanınmasıdır. Bu reallıqda Cənubi Qafqaz “dondurulmuş münaqişə” rejimindən çıxaraq regional inteqrasiya mərhələsinə keçə bilər. Uğur ondan asılı olacaq ki, Ermənistan daxili baryerləri aşa biləcəkmi, Azərbaycan isə strateji səbr göstərə biləcəkmi.
Cəmiyyətin psixoloji hazırlığı - çox vaxt nəzərdən qaçırılan, amma həlledici amildir. Ermənistan cəmiyyəti keçmişdən imtinanın ağrılı, amma zəruri mərhələsini yaşamadan formal sazişlər kövrək qalacaq. Yalnız bundan sonra Cənubi Qafqaz hüquq, qarşılıqlı tanınma və iqtisadi qarşılıqlı asılılıq üzərində illüziya yox, real sülh gələcəyi qurmaq şansı əldə edə bilər.