Bakı. Trend:
Avqustun 26-da Nazirlər Kabinetində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tarixi Vaşinqton səfərinə həsr olunmuş xüsusi iclası keçirilib.
Trend xəbər verir ki, iclası giriş nitqi ilə açan Baş nazir Əli Əsədov Azərbaycan Prezidentinin bütün dünyanın diqqət mərkəzində olan triumfal Vaşinqton səfərinin ölkəmizin beynəlxalq siyasi arenada nüfuzunu və mövqeyini daha da gücləndirməklə yanaşı, regionda uzunmüddətli sülhün təmin olunması istiqamətində yeni perspektivlər açdığını bildirib.
Azərbaycanın diplomatiya tarixinə qızıl hərflərlə yazılan 8 avqust zəfərinin Prezident İlham Əliyevin güclü liderliyinin, qətiyyətinin və prinsipiallığının məntiqi nəticəsi olduğu vurğulanıb.
Vaşinqtonda keçirilmiş görüşlərin və imzalanmış sənədlərin əhəmiyyəti barədə bəhs edən Baş nazir, səfərin bir tərəfdən Azərbaycan-ABŞ əlaqələrinin keyfiyyətcə yeni mərhələyə qədəm qoyması, digər tərəfdən isə Azərbaycanla Ermənistan arasında uzunmüddətli sülhün təmin edilməsi istiqamətində mühüm addımların atılması ilə əlamətdar olduğunu qeyd edib.
“Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) ilə bağlı əldə edilmiş razılığın əhəmiyyəti vurğulanaraq, layihənin Azərbaycan Respublikasının əsas hissəsi və Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantını təmin etməklə yanaşı, regionda nəqliyyat əlaqələrinin inkişaf etdirilməsinə, ticari-iqtisadi əməkdaşlığın genişləndirilməsinə təkan verəcəyi diqqətə çatdırılıb. Bununla əlaqədar olaraq, müvafiq tapşırıqların icrası üçün hökumət tərəfindən gündəlik əsasda işin həyata keçirilməsinin zəruriliyi qeyd edilib.
Daha sonra Baş nazirin müavini Şahin Mustafayevin, xarici işlər naziri Ceyhun Bayramovun, iqtisadiyyat naziri Mikayıl Cabbarovun və Azərbaycan Prezidentinin Naxçıvan Muxtar Respublikasında səlahiyyətli nümayəndəsi Fuad Nəcəflinin çıxışları dinlənilib.
İclasda Azərbaycan Respublikası Prezidentinin Vaşinqton səfərinin nəticələrindən irəli gələrək hökumət qarşısında duran vəzifələr müəyyən edilib.