Bakı. Trend:
Bu günlərdə akademik Zemfira Səfərovanın "Azərbaycan musiqisinin patriarxı Üzeyir Hacıbəyli" kitabı rus dilində işıq üzü görüb.
Trend-in məlumatına görə, böyük sənətkarın 140 illik yubileyinə həsr olunan bu kitab hələ sovet dövründə - 1973-cü ildə Moskvada dərc olunan “Üzeyir Hacıbəylinin musiqi-estetik görüşləri” monoqrafiyasının yenilənmiş nəşridir.
Həmin kitab dahi bəstəkarın irsinin araşdırılması və dünyada tanıdılması istiqamətində böyük elmi-mədəni məxəz hesab olunub.
Azərbaycan musiqişünaslığında Hacıbəylinin estetik nəzəriyyəsi ayrıca monoqrafiya kimi “Üzeyir Hacıbəylinin musiqi-estetik görüşləri” kitabında ilk dəfə bütöv halda təqdim edilmişdi. Həmin vaxt kitaba böyük bəstəkar Qara Qarayevin ön söz yazması isə sovet elmi-mədəni mühitində böyük maraqla qarşılanmışdı.
Qara Qarayev Üzeyir Hacıbəyli irsinin belə sanballı
araşdırmalarla təqdim olunmasının mühümlüyünü qeyd edərək yazırdı:
“Zemfira Səfərovanın xüsusi xidməti ondadır ki, o, bəstəkarın
musiqi əsərlərinin təhlili ilə məhdudlaşmır, həm də onun elmi
əsərlərinin və məruzələrinin, ədəbi əsərlərinin, məqalələrinin,
felyetonlarının, müxtəlif müzakirələrdə çıxışlarının təhlilinə
geniş yer ayırır. Onu da əlavə edək ki, müəllif müəyyən bir dövrün
tarixi-ictimai şəraitini hərtərəfli tədqiq edir, Üzeyir Hacıbəylini
Azərbaycan xalqının görkəmli mütərəqqi maarif xadimləri sırasında
təqdim edir. Problemə bu cür çoxşaxəli yanaşma kitabın əsas
müddəalarını dəqiq və inandırıcı edir”.
Qeyd edək ki, elmə gəldiyi gündən indiyədək təkcə Azərbaycanda dərc
olunan kitabları ilə deyil, həm də dünyanın müxtəlif elmi konfrans
və simpoziumlarında çıxışları, məruzələri ilə Üzeyir bəy irsini
təhlil və təbliğ edən akademik Zemfira Səfərovanın sözügedən kitabı
yeni nəsil elm və sənət camiəsinin böyük bəstəkarı, onun musiqi
dünyamız üçün gördüyü misilsiz işləri anlamaq, öyrənmək yolunda
mühüm elmi mənbədir.