Bakı. Trend:
“Qarabağ” Portuqaliyanın “Portimonense” klubunda çıxış edən Kamilo Duranı heyətinə cəlb edib.
Trend xəbər verir ki, 23 yaşlı kolumbiyalı futbolçu ilə 3 illik müqavilə imzalanıb.
Həm hücumda, həm də yarımmüdafiənin hər iki cinahında çıxış edə bilən cənubi amerikalı “Qarabağ”da 17 nömrəli forma ilə meydana çıxacaq.
Duran futbol karyerasına Kolumbiyada “İndependente Medelyin”də başlayıb, daha sonra Braziliyanın “Flamenqo” klubunun gənclər komandasında çıxış edib. Ardınca Portuqaliyaya transfer olunan hücumçu “Eştrela”nın U-23 komandasında, “Lusitaniya” və “Portimonense”də forma geyinib. O, həmçinin Kolumbiyanın U-20 yığmasının üzvü olub.
Qeyd edək ki, “Qarabağ” bundan əvvəl Dani Bolt, Pedro Bikalyo, Kris Kuaku, Sami Mmae və Joni Montielini transfer edib.