Bakı. Trend:
Ukrayna Nazirlər Kabineti dövlət sərhədindən keçmə qaydasını yeniləyib. Yeni qaydaya əsasən, hərbi vəziyyət dövründə 18-22 yaşlı kişilər sərhədi maneəsiz keçə biləcək.
Trend xəbər verir
ki, bu barədə ölkənin Baş naziri Yuliya Sviridenko teleqram
kanalında məlumat yayıb. O bildirib:
“Söhbət müvafiq yaşda olan bütün vətəndaşlardan gedir”.
Hökumət başçısının sözlərinə görə, qərar müxtəlif səbəblərdən xaricdə olan vətəndaşlara da şamil olunur. “Biz ukraynalıların Ukrayna ilə mümkün qədər əlaqələrini saxlamasını istəyirik”, – Sviridenko əlavə edib.
Dəyişikliklər qərarın rəsmi dərcindən bir gün sonra qüvvəyə minəcək.
Qeyd edək ki, bundan əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski hökumətə hərbi komandanlıqla birlikdə ukraynalı gənclərin dövlət sərhədini keçməsinin sadələşdirilməsi, xüsusən yaş həddinin 18-dən 22-yə qaldırılması üzərində işləməyi tapşırmışdı.