Bakı. Trend:
"Korean Air" avqustun 25-də 103 ədəd "Boeing" təyyarəsi və "GE Aerospace"dən mühərriklər və xidmətlər üçün 50 milyard dollarlıq sifariş elan edib.
Trend xəbər verir ki, bu, Cənubi Koreya prezidenti Li Çje Myonun Vaşinqtona səfəri ilə eyni vaxta təsadüf edib.
Şirkətin tarixində ən böyük sifariş müxtəlif Boeing modellərini – 787, 777 və 737-ni əhatə edir. Təyyarələrin təxminən yarısı 737 MAX 10 modelidir. Sifarişin yalnız təyyarələr üzrə dəyəri 36,5 milyard dollar təşkil edir.
Korean Air-in baş direktoru Ço Von Tae bildirib ki, bu sərəncam Cənubi Koreyanın ən böyük aviaşirkətinə ABŞ və Latın Amerikasında daha çox istiqamətlərə uçuşları genişləndirməyə imkan verəcək.
Qeyd edək ki, Korean Air Koreya Respublikasının ən böyük aviaşirkəti olmaqla yanaşı, "SkyTeam" qlobal hava yolları alyansının dörd qurucu üzvündən biridir və sərnişin daşımalarının həcminə görə dünyanın aparıcı aviaşirkətləri sırasında yer alır.
Xatırladaq ki, Tramp administrasiyası ilə ticarət razılaşmaları üzrə danışıqlar aparan bir sıra ölkələr artıq "Boeing" təyyarələri üçün böyük sifarişlər elan edib və ya elan etməyi planlaşdırır. Şirkət son aylarda bir sıra iri müqavilələr qazanıb.