...

Prezident İlham Əliyev: Azərbaycanın Zəngəzuru işğal etmək niyyəti olmayıb

Siyasət Materials 27 Avqust 2025 10:28 (UTC +04:00)
Prezident İlham Əliyev: Azərbaycanın Zəngəzuru işğal etmək niyyəti olmayıb
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

İran Prezidenti Azərbaycana səfər edib, əslində, iki dəfə səfər edib. Birincisi, rəsmi səfər idi, ikincisi isə Xankəndi şəhərində, azad edilmiş Qarabağda İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə görüşünə qatıldı. Biz onunla çox yaxşı işgüzar münasibətlər qurmuşuq.

Trend xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində deyib.

"Bəli, siz tamamilə haqlısınız, o, azərbaycanlıdır. O, mənim kimi eyni qanı daşıyır. Biz eyni dildə danışırıq. Tərcüməçiyə ehtiyacımız yoxdur. O, ictimai tədbirlərin birində Azərbaycan poeziyası ilə bağlı biliklərini nümayiş etdirdi və heç bir qeydə ehtiyacı yox idi. Çox istedadlı insandır."

Prezident İlham Əliyev bildirib ki, bu, həqiqətən də yaxşı fürsətdir.

"Düşünürəm ki, bizim şəxsi münasibətlərimiz və onun administrasiyası ilə mənim administrasiyam arasında münasibətlər çox konstruktiv, çox mehribandır. İranın yeni hadisələrlə bağlı rəsmi mövqeyinə gəlincə, biz bunu çox əsaslı və çox müsbət hesab edirik. Mən rəsmi mövqe deyəndə Prezidentin, xarici işlər nazirinin mövqeyini nəzərdə tuturam. Bu, rəsmi mövqe hesab olunur."

Prezident İlham Əliyev vurğulayıb ki, biz siyasətimizi İran xalqı tərəfindən seçilən və öz vəzifəsini yerinə yetirmək səlahiyyətinə malik olan, yəni, Prezident kimi siyasətçilərə əsasən qururuq.

"Hazırda müşavir kimi adlandırılan bəzi keçmiş rəsmilər tərəfindən müəyyən fikirlər səsləndirilmişdir. Nə məsləhətlər verirlər, bilmirəm. Dərhal reaksiya oldu..."

Prezident İlham Əliyev qeyd edib ki, bu mövqe bizim üçün heç cür əhəmiyyətli deyil.

"Bizim üçün bunun əhəmiyyəti sıfırdır, çünki dövlətlərarası münasibətlərimiz hökumətlər, prezidentlər, xarici işlər nazirləri arasında qurulur. Buna görə də dırnaqarası müşavirlərin bu yalançı rəvayətlərinə qətiyyən məhəl qoymuruq. Beləliklə, bizim üçün hər şey aydındır. Prezidentin mövqeyi tamamilə məntiqlidir və ona əsaslanır ki, Zəngəzur dəhlizi heç bir halda İran üçün təhlükə deyil. Bəzi media orqanlarında, bəzi internet saytlarında Azərbaycanın Zəngəzuru işğal edəcəyinə, İranla Ermənistan sərhədini kəsəcəyinə dair planlar barədə çoxlu şayiələr yayılmışdır. Bu, tamamilə yalandır. Bizim belə bir niyyətimiz yoxdur. Hər halda, etmək istəsəydik, edərdik. 2020-ci ilin noyabr ayında bunu etmək çox asan idi. Bu son beş il ərzində də bunu etmək çox asan idi. Cəmi 40 kilometrdir, hərbi baxımdan çox vaxt aparmayacaqdı. Sadəcə, hər iki tərəfdən - Naxçıvandan və Azərbaycanın bu tərəfindən gəlirsən və götürürsən."

Prezident İlham Əliyev vurğulayıb ki, bəli, əlbəttə ki, bunu hamı bilir. Hətta pis məsləhətlər verənlər də bilirlər ki, bunun üçün bizim gücümüz var.

"Biz təcavüzkar olmadığımız üçün bunu etmədik. Biz işğal edən ölkə deyilik, biz əraziləri azad edən insanlar və ölkəyik. Bizim işimiz bundan ibarət idi və bizim müharibə də ədalətli idi. Müharibəmiz azadlıq müharibəsi idi. Müharibəni öz torpaqlarımızda, ədalətin bərpası naminə aparmışıq. Beləliklə, bu baxımdan hesab edirəm ki, bizim indi Ermənistan-İran sərhədini kəsməyi planlaşdırdığımızla bağlı bütün bu söz-söhbətlər tamamilə əsassızdır. Bunu hamı bilir", - deyə Azərbaycan Prezidenti İlham Əliyev qeyd edib.

Xəbər lenti

Xəbər lenti