...

Azərbaycanın TDT-yə üzv ölkələrlə ticarət dövriyyəsi 8%-dən çox artıb

İqtisadiyyat Materials 27 Avqust 2025 15:44 (UTC +04:00)
Azərbaycanın TDT-yə üzv ölkələrlə ticarət dövriyyəsi 8%-dən çox artıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycanın Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrlə ticarət dövriyyəsi 4,228 milyard ABŞ dolları təşkil edib.

Trend-in Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, bu göstəricinin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 8,3% və ya 324,3 milyon ABŞ dolları artıb.

Hesabat dövründə TDT-yə üzv ölkələrlə ticarət dövriyyəsi Azərbaycanın ümumi ticarət dövriyyəsinin 14,6%-nə bərəbər olub.

Qeyd edək ki, 2025-ci ilin ilk yeddi ayında Azərbaycanın Türkiyə ilə ticarət dövriyyəsi əvvəlki illə müqayisədə 6,5% azalaraq 3,4 milyard dollara, Qırğızıstanla ticarət dövriyyəsi iki dəfə artaraq 40,064 milyon dollara, Qazaxıstanla ticarət dövriyyəsi 3,8 dəfə artaraq 517,1 milyon dollara, Özbəkistanla ticarət dövriyyəsi isə 2,3 dəfə artaraq 268,9 milyon dollara bərabər olub.

Cari ilin ilk yeddi ayında Azərbaycandan Türkiyəyə 24 milyon ABŞ dolları dəyərində 51,5 min ton bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları, Qazaxıstana 59,8 milyon ABŞ dolları dəyərində qeyri-neft məhsulları ixrac edilib. Digər ölkələrə isə sözügedən məhsulların ixracı ilə bağlı göstəricilər qeydə alınmayıb.

Xatırladaq ki, Türk Dövlətləri Təşkilatı (TDT) 2009-cu ilin 3 oktyabr tarixində Naxçıvan şəhərində keçirilən Zirvə Görüşündə imzalanmış “Naxçıvan Sazişi”nə əsasən yaradılıb. Təşkilat yaradılarkən adı “Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (TDƏŞ)” olub. 2021-ci ildə təşkilatın adına dəyişiklik edilib və hazırda “Türk Dövlətləri Təşkilatı” adı ilə fəaliyyətini davam etdirir.

Azərbaycan Respublikası təşkilatın 4 təsisçi ölkəsindən biridir və hazırda təşkilatın 5 üzv dövləti var: Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkiyə.

Macarıstan, Türkmənistan və Şimali Kipr Türk Respublikası isə təşkilatda müşahidəçi statusa malikdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti