Bakı.Trend:
Biləsuvarda içkili halda həmkəndlisinin evini yandıran şəxs həbs edilib.
Trend-in məlumatına görə, hadisə rayonun Xırmandalı kəndində baş verib.
Təqsirləndirilən şəxs izahatında bildirib ki, hadisə baş verdiyi vaxtdan 15-20 gün əvvəl həmkəndlisi ilə yaşadığı kənddə, magistral yolun kənarında aralarında mübahisə yaranıb. Həmin vaxt həmkəndlisi onu və ailə üzvlərini nalayiq ifadələrlə təhqir edib.
Təqsirləndirilən şəxs həmin vaxt həmkəndlisi ilə aralarında olan mübahisəni davam etdirməyib. Lakin hadisədən 15 gün sonra küçələrində yanacaq satışı ilə məşğul olan şəxsdən başqa bir işlə əlaqədar 1 litr benzin alıb. Həmçinin içmək üçün mağazadan araq da alıb. Daha sonra yaşadığı evə gedərək bir şüşə arağı içib və sərxoş olub.
Təqsirləndirilən şəxs sərxoş olduğu zaman zərərçəkmiş şəxsin onu təhqir etməsini xatırlayıb və bundan qəzəblənib.
Əvvəlcədən həmkəndlisinin yaşadığı evi yandırmaq niyyəti olmasa da, sərxoş olduğu üçün həmin şəxsin evini yandırmaq qərarına gəlib. Təqsirləndirilən şəxs həmkəndlisinin yaşadığı evin həyətinə darvazanı açaraq daxil olub, daha sonra özü ilə gətirdiyi plastik qabda olan benzini evin giriş hissəsində 3 yerə səpib. Daha sonra isə özü ilə gətirdiyi kibrit çöpünü yandırıb və benzin tökdüyü yerlərə atıb. Həmin vaxt evin giriş hissəsi yanmağa başlayıb və o, dərhal darvazadan çıxaraq hadisə yerini tərk edib.
Biləsuvar rayon Məhkəməsinin qərarı ilə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 29, 186.2.2 və 186.2.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinərək ona 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.