Bakı. Trend:
Ukrayna və Gürcüstan limanlarının Orta Dəhliz vasitəsilə yeni bərə marşrutu ilə birləşdirilməsi ilə bağlı “Belqorod-Dnestrovskiy” dəniz limanı ilə “Batumi International Container Terminal LLC” (BICT) arasında memorandum imzalanıb.
Trend-in verdiyi məlumata əsasən, bu barədə “Belqorod-Dnestrovskiy” limanının baş meneceri Oksana Kiktenko öz Facebook hesabında məlumat verib.
O qeyd edib ki, BICT Batumi limanında (Gürcüstan) konteyner, bərə və ümumi yüklər üçün terminalları idarə edir.
“Bu, “Belqorod-Dnestrovskiy” limanının Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TITR), həmçinin Orta Dəhliz kimi tanınan layihənin inkişafı çərçivəsində əməkdaşlığına dair ikinci memorandumdur.
Sazişin məqsədi yükdaşıma imkanlarını artırmaqla yükləri Orta Dəhliz vasitəsilə cəlb etməkdir. Gözlənilir ki, Ukrayna və Gürcüstan limanlarının terminalları yeni bərə marşrutu və TITR yüklərinin tələblərinə uyğun olaraq Ukrayna limanının yeni sahibi tərəfindən layihələndirilən avtomobil-dəmiryolu bərə kompleksi ilə birləşdiriləcək,” – deyə o bildirib.
Kiktenko vurğulayıb ki, Bilhorod-Dnistrovskyy dəniz limanı marşrutun Avropa tərəfində ən böyük TITR mərkəzinə çevrilməyi hədəfləyir.