...

KTM-in şöbə müdiri Azər Maqsudovun cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib

Hadisə Materials 28 Avqust 2025 10:46 (UTC +04:00)
KTM-in şöbə müdiri Azər Maqsudovun cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən həkim, Klinik Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinin müdiri Azər Maqsudovun cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.

Trend xəbər verir ki, Sabunçu rayon Məhkəməsində keçirilən prosesdə zərərçəkmiş tərəfin hüquqi varisinin vəkilləri məhkəmədə iştirak edə bilməyəcəklərinilə bağlı elektron ərizə təqdim etdiyi məlum olub.

Ərizəyə münasibət bildirən vəkil Musa Abdinov etiraz etmədiyini bildirib.

Vəkil ötən prosesdən sonra qarşı tərəfə məbləğ təklif etdiklərini, amma onların cavab vermədiyini bildirib.

İş üzrə təqsirləndirilən Azər Maqsudov vəkili ilə razı olduğunu bildirib.

Dövlət ittihamçısı baxılan cinayət işi üzrə qarşı tərəfin iştirakının zəruri olduğunu əsas gətirərək işin təxirə salınmasını bildirib.

Məhkəmə qarşı tərəfin vəkillərinin ərizəsini təmin edək.

Proses sentyabrın 8-dək təxirə salınıb.

Bildirilib ki, vəkil tərəfindən verilmiş vəsatətə danışıqların nəticəsindən sonra baxılacaq.

Xatırladaq ki, qəza 2023-cü ilin noyabr ayında Sabunçu rayonu ərazisində baş verib.

Azər Maqsudov həmin ayın 15-də saat 23 radələrində Sabunçu rayonu ərazisində idarə etdiyi “Mercedes” markalı avtomobillə qəza törədib. Qəza 1956-cı il təvəllüdlü Arif Acaloğlunun yüksək sürətli avtomobil yolunun piyadalar üçün nəzərdə tutulmayan hissəsində avtomobilin qarşısına qəfil çıxması nəticəsində baş verib. A.Maqsudov xəsarət alan A.Acaloğlunu dərhal Sabunçu rayon xəstəxanasına aparıb. Həkimlərin səyinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb.

Hadisə nəticəsində ölən Arif Acaloğlu İstanbul Mərmərə Universitetinin müəllimi, türkoloq alim olub. Türkiyədə yaşayan alim Bakıya noyabrın 16-da keçirilən beynəlxalq elmi konfransda iştirak etmək üçün gəlibmiş.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti