Bakı. Trend:
Nüvə proqramı İranın elmi inkişafının bir parçasıdır və bu proqram davam etdiriləcək.
Trend-in məlumatına görə, bunu İranın vitse-prezidenti və Atom Enerjisi Təşkilatının sədri Məhəmməd Eslami yerli mediaya açıqlamasında deyib.
Onun sözlərinə görə, ölkənin nüvə obyektlərinə dəyən ziyana gəldikdə, təhlükəsizlik şəraitinə görə, onun dəyərləndirilməsi vaxt tələb edir.
Eslami əlavə edib ki, İrana qarşı 12 günlük hərbi hava hücumları zamanı nüvə obyektlərinə dəyən ziyan hazırda ekspertlər tərəfindən dəyərləndirilməkdədir.
İranın vitse-prezidenti qeyd edib ki, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru Rafael Qrossi ilə İran xarici işlər naziri Seyid Abbas Araqçi arasıdna məsləhətləşmələrə əsasən, agentlik İran parlamentinin qəbul etdiyi qanun çərçivəsində fəaliyyətin davam etdirilməsi üçün İranla razılığa gələrsə, bu zaman İranın Ali Milli Təhlükəsizlik Şurası AEBA ilə əməkdaşlıq haqda qərar qəbul edəcək.
Xatırladaq ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi hava zərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, generallar, nüvə alimləri və başqa yüksək səviyyəli rəsmilər ölüb.
Elə həmin günün axşamı, İran “Doğru Vəd III” əməliyyatı ilə İsrailə cavab verib: Tel-Əviv daxil olmaqla bir çox yerlərə yüzlərlə ballistik raket, pilotsuz uçuş aparatı buraxılıb, bu da mülki itkilərə və geniş-miqyaslı dağıntılara yol açıb.
22 iyunda ABŞ İranın üç nüvə obyektinə hərbi hava hücumları edib. Hava hücumları nəticəsində İranın nüvə obyektlərinin məhv edildiyi qeyd olunub.
Əlavə edək ki, 23 iyun axşam saatlarında İran ABŞ-nin Qətərdəki hərbi bazasına hava zərbələri endirib.
24 iyunda İsrail baş nazirinin ofisi İsrail hökumətinin ABŞ prezidenti Donald Trampın vasitəçiliyi ilə İranla atəşkəsə razılaşdığını elan edib.
İranın Ali Milli Təhlükəsizlik Şurası da bəyanat yayaraq hücumların dayandırıldığını qeyd edib.
Qeyd edək ki, 2 iyulda İran prezidenti Məsud Pezeşkian AEBA ilə əməkdaşlığın dayandırılması üzrə qanunun qüvvəyə minməsinə dair qərar verib. İran parlamentinin qəbul etdiyi qanuna əsasən, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin müfəttişlərinin yoxlamalar keçirmək üçün ölkəyə giriş icazəsi yoxdur. Yalnız İranın Ali Milli Təhlükəsizlik Şurası ölkənin dinc məqsədli nüvə fəaliyyəti və nüvə mərkəzlərinin təhlükəsizliyinə zəmanət verildiyini təsdiqlədiyi halda, agentlik müfəttişlərinin ölkəyə girişinə icazə verilə bilər.