Bakı. Trend:
Azərbaycanda aqrar sahədə süni intellektin tətbiqi genişlənib.
Trend Kənd Təsərrüfatı Nazirliyinə (KTN) istinadən xəbər verir ki, bunu "Aqroparkların inkişafında yeni mərhələ" mövzusunda keçirilən tədbirdə "Aqrar sahədə süni intellektin tətbiqi imkanları" mövzusunda təqdimat edən aqrar sahədə süni intellekt layihəsinin rəhbəri Surxay Novruzov deyib.
O, son illər bütün dünyada olduğu kimi, Azərbaycanda da aqrar sahədə süni intellektin tətbiqinin genişləndiyini deyib. Hazırda Nazirlik tərəfindən bu istiqamətdə həyata keçirilməkdə olan layihələr barədə iştirakçıları məlumatlandıran Surxay Novruzov qeyd edib ki, üzərində iş gedən layihələr əkinçilik, bağçılıq, toxumçuluq üzrə ixtisaslaşmış fermerlərə bölgələr üzrə torpağa uyğun düzgün bitki seçimi aparmağa, regionlar üzrə bitki xəstəlikləri üzrə risk səviyyələrini müəyyənləşdirməyə və bitki sağlamlığına düzgün nəzarət etməyə bütün bunlara uyğun olaraq əkinləri planlaşdırmağa imkan verəcək.
Təqdimatlardan sonra aqroparkların fəaliyyətində meydana çıxan çətinliklər və onların həlli yolları, iri istehsal müəssisələrinin fəaliyyətinin stimullaşdırılması,və digər mövzularla bağlı müzakirələr aparılıb. Müzakirələrdə çıxış edən aqroparkların təmsilçiləri rəqabətədavamlı kənd təsərrüfatı məhsullarının istehsalı, emalı, qablaşdırılması və ixracı ilə bağlı vəziyyət barədə geniş məlumat verib, mövcud potensialın daha səmərəli dəyərləndirilməsi ilə bağlı təkliflər səsləndiriblər.
Aqropark nümayəndələri, həmçinin, suvarma suyu təminatı, meliorativ tədbirlər, enerji təminatı və ekoloji məsələlərlə bağlı çətinliklərinin olduğunu və problemlərin həlli istiqamətdə dövlət dəstəyinə ehtiyac olduğunu bildiriblər.